Bakıda keçiriləcək şahmat üzrə Dünya kuboku ilə bağlı müqavilə imzalandı

5.05.2023 16:46 277
İdman
İyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.

M.Məmmədov 2023-cü ildə Azərbaycanda başqa şahmat yarışlarının təşkil ediləcəyini də əlavə edib.

Federasiya rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023”də 600-dən çox iştirakçı çıxış edir: “Bir çox seksiyalarda şahmatçılar yarışa başlayıblar. Həm uşaqlar, həm gənclər, həm də 2600-2700 reytinqinə malik püxtələşmiş qrossmeysterlər, o cümlədən, veteranlar mübarizə aparırlar. Bu, Azərbaycan Şahmat Federasiyasının yubiley ili çərçivəsində təşkil etdiyi silsilə tədbirlərdən biridir”.

Qeyd edək ki, “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 23 ölkənin təmsilçisi yer alıb.