“Şaxtyor” turun mərkəzi oyununda “Dinamo” ilə heç-heçə etməklə çempionluq uğrunda mübarizə aparan rəqiblərinin üzünü güldürdü.
Düzdü, kiyevlilər bu mübarizədə yoxdu – onlar liderdən artıq 12 xal geri qalır. Klassik Ukrayna derbisi çox maraqsız alındı, komandalar oyunboyu mövqe mübarizəsi apardı. Stepanenko 12-ci dəqiqədə kiyevliləri məyus etsə də, sona 8 dəqiqə qalmış Andriyevski cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Oyundan sonra əfsanəvi Mirça Luçesku xəstəlik bülleteni açdırdı və baş məşqçi səlahiyyətlərini Aleksandr Şovkovskinin yerinə yetirəcəyi deyildi. Ancaq Ukraynada belə fikir var ki, rumıniyalı mütəxəssis mövsümün həlledici çağında ayağından əməliyyat olunmağa qərar verməklə həm də 4-cü yerin məsuliyyətini klub rəhbərliyi ilə bölüşmək istəyir.
Turun qalan oyunlarına gəlincə, “Dnepr-1” ilk dövrədə olduğu kimi, yenə “Rux”a 3:2 hesabıyla qalib gəldi. Sadəcə, onda qələbə topunu 90+5-ci dəqiqədə Loqinov vurmuşdusa, bu dəfə 4-cü uzatma dəqiqəsində Koqut fərqləndi.
“Zarya” da mükafatçı yerlərə iddiasını davam etdirir. Luqansklılar “Kolos”la səfər oyununun 31-ci dəqiqəsində hesabı açdı və qələbəi qorumağı bacardı. Emil Mustafayevin də heyətində yer aldığı “Aleksandriya” özünəməxsus xəstəliyə yoluxub. Bir komanda son 8 oyunun 7-də heç-heçə edibsə, başqa nə deyəsən?! Yeri gəlmişkən, “İnqulets”lə oyuna start heyətində başlayan soydaşımız 75-ci dəqiqədə əvəzləndi.
“Vorskla” – “Metallist” oyununun Ukrayna çempionatının tarixinə düşəcəyi dəqiqdi. Hakim ilk yarıda 4 penalti təyin etdi və bunlardan üçü dəqiq oldu. Ardıcıl 3-cü qələbəsini qazanan poltavalılar 7-ci pilləyə yüksəldi, xarkovlular isə elitada yerini qorumağa çalışır.