“Əzmkarlıq göstərmək önəmlidi”

27.04.2023 23:47 269
Ölkə kuboku / Manşet
Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

“Football-plus.az” xəbər verir ki, “Qəbələ” “Səbail”i məğlub edib - 1:0. Oyundan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun ağır keçəcəyini təxmin edirdik. Sıx qrafikdəyik. Təbii otdan süni örtüklü meydançaya keçmək asan deyil. Komandam sona kimi oyundan qopmadı. Düşünürəm ki, layiqli qələbə qazanıb finala çıxdıq”.


- Finala kimi çempionatda 5 oyun var. Bu qrafiki avrokuboklara vəsiqə qazanmaq baxımından necə dəyərləndirirsiz?
- Elə durumdayıq ki, heç finala çıxmağı qeyd etməyə vaxtımız yoxdu. Qarşıdakı "Səbail"lə çempionat oyunu bizi düşündürür.

- Qısa müddətdə eyni rəqiblə 3 dəfə oynamaq sıxıcı deyil?
- Yorucu deyil. Komandalar bir-birini oxuyublar. Qəbələdə də bizi ağır oyun gözləyir. Nəticə qazanmaq üçün əzmkarlıq göstərmək önəmlidi.

- Feras Abu Akal aqressiv görünürdü. Bunun səbəbi nə idi?
- Yarımfinaldı. Bunu normal qarşılamaq lazımdı. Futbolçular həddən artıq oyuna köklənmişdilər. Feras ümumi olaraq emosional futbolçudu.

- Rəqib azlıqda olmağına baxmayaraq hücumlar qura bilmirdiniz. Bu, nədən qaynaqlanır?
- Hesab tempi aşağı salmağımıza təsir elədi. Rəqibin azlıqda olması da futbolçuların aşağı tempdə oynamasına səbəb oldu. Hiss olunurdu ki, komanda nəticəyə oynayır. Bunu problem görmürəm.

- Ardıcıl 5 oyundur qələbə qazanırsız. Futbolçularda arxayınlıq yaranacağından qorxmursunuz?
- Məşqçi qorxdusa, işləməməlidi.

- Finala gedən yolda "Qarabağ" və "Səbail"i mübarəzidən kənarlaşdırdız. Hansı daha çətin oldu?
- "Qarabağ" kimi komandanı keçmək böyük güc tələb edir. Rəqibləri seçməzdim. "Səbail"lə oyunlar da ağır idi. Futbolçuları təbrik edirəm. Böyük xarakterə, böyük ruha sahibdirlər. Bizi qarşıda 5 dənə final matçı gözləyir. Hamısına kökləmək mütləqdi.

- Finalda rəqibiniz olan "Neftçi"nin oyununu izlədiniz. Fikirləriniz necədi?
- "Neftçi" "flaqman"dı. Bilirik ki, onlar da kuboka iddialıdı. Biz də əlimizdən gələnin ən yaxşısı edəcəyik ki, hədəfə çataq.