“Qarabağ”ın oyunçusu süni nəfəs aparatına qoşulub

27.04.2023 14:53 461
Ölkə futbolu / Manşet
“Qarabağ-2"nin aprelin 22-də keçirilən məşqində bədbəxt hadisə baş verib. Müdafiəçi Şirxan Həsənzadə isinmə hərəkətlərini yerinə yetirərkən narahatlıq hiss edib və qəfil ürəyi dayanıb. O, həkimlərin müdaxiləsindən dərhal sonra yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı gənc futbolçuda ciddi problem aşkarlanıb.

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov dərhal xəstəxanaya gedib. Bundan sonra xəstə daha yaxşı palataya köçürülüb. Burda həyata keçirilən əməliyyat uğurlu alınıb. 20 yaşlı müdafiəçinin indiyəqədərki tibbi müayinələr zamanı səhhətində belə problem aşkarlanmadığı bildirilir. Futbolçu həm mövsümün əvvəlində, həm də qış fasiləsində tibbi baxışdan keçib və onda hansısa problem aşkarlanmayıb.

"Football-plus.az" olaraq Şirxanın son durumunu öyrənmək məqsədilə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Şirxanın sağlamlıq durumunda əvvəlki günlərlə müqayisədə az da olsa, irəliləyiş var. Bu da gələcəyə ümidlə baxmağımıza kömək edir. Ümumilikdə təəssüf ki, vəziyyəti sabit ağır kimi qiymətləndirilir. ECMO (Ekstrakorporal Membran Oksigenasiya) aparatı vasitəsilə həyatda saxlanılır. Sabah (bu gün) yenidən bəzi həkim müdaxilələri nəzərdə tutulub".


KƏNAN BAHADIR