“Səbail" - "Neftçi" qarşılaşmasında qonaqların kapitanı və bombardiri Emin Mahmydov start heyətində yer almamışdı. Buna səbəb "ağ-qaralar"ın kubokda "Turan Tovuz"la vacib cavab oyununun olması idi. Kapitan 72-ci dəqiqədə oyuna qoşulsa da, nəticəyə təsir edə bilmədi.
"Football-plus.az" olaraq Eminlə "Səbail"lə oyun, "Turan Tovuz"a səfər yenilgisi və gələcək karyerasıyla bağlı söhbətimiz baş tutdu.
- Ağır oyun oldu və heç-heçə qeydə alındı. Səncə, 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Hər iki komanda layiqli çıxış etdi. Rəqibin son dəqiqələrdə 2-ci qolu vurmaq şansı da vardı. Düşünürəm ki, ədalətli nəticə oldu. Sevindirisi haldı ki, uduzmadıq. Qarşıdakı matçlarda daha yaxşı oynayıb qələbələr qazanmalıyıq.
- "Turan Tovuz"la səfərdə keçirdiyiniz kubok matçındakı uğursuzluğun səbəbi nə idi?
- Həmin oyunda həm hücumlarda effektli ola bilmədik, həm də diqqətsizliyə yol verdik. Elə qolu da diqqətsizlik üzündən buraxdıq. İstədiyimiz sürəti də ortaya qoya bilmədik, hücumlara çıxanda, cinahdan reydlər edəndə lənglik var idi. Amma inanıram ki, cavab qarşılaşmasında bu çatışmazlıqları aradan qaldırıb daha yaxşı çıxış etməklə qələbə qazanacağıq.
- Qələbə qazanacağınıza inanırsan?
- Əlbəttə, bütün gücümüz və motivasiyamızla cavab matçında qalib gəlməyə fokuslamışıq.
- Hücumçu olmasan da, qolları sıralayırsan. Komandanın ən sərrast futbolçususan, çempionatın isə bombardirləri sırasındasan. Mövsümün ən sərrast futbolçusu olmağı hədəfləyirsən?
- Qollar vurmağım yaxşıdı, özüməinamı artırır. Amma əsas mənim bombardir olmağım yox, komandamın uğurudu. "Neftçi"ni zirvələrə daşıya biliriksə, bu ən böyük uğurumuzdu. Ona görə tək qol vurmaq yox, məhsuldar türmə etmək və komandamın qələbələr qazanmasıda pay sahibi olmaq məni daha çox xoşbəxt edir.
- Yığmamızın seçmə mərhələdə uğursuz startı barədə nə deyə bilərsən?
- Avstriya və İsveclə oyunlarımız alınmadı. Baxmayaraq ki, ilk dəqiqələrdə rəqiblərlə başabaş mübarizə aparırdıq. Lakin qol buraxandan sonra hər şey pozuldu. Sanki əl-qolumuz bağlandı. Ötürmələrdə çoxlu səhvlər etdik, rəqibə boşluqlar verdik. Amma səhvlərimizdən nəticə çıxarıb, qarşıdakı oyunlara daha ciddi hazırlaşıb yaxşı nəticələr qazanmalıyıq.
- Ev matçlarında rəqibləri büdrədib xal və xallar qazanmağı hədəfləyirsiz?
- Əlbəttə. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Mövsümün sonunda "Neftçi" ilə müqavilənin müddəti bitir. Yenidən legioner həyatı yaşayacağınla bağlı iddialar var. Hətta bir ara Şotlandiya "Harts"ına keçəcəyin deyilirdi…
- Hazırda bütün diqqətimi kubokun cavab oyunu ilə çempionat matçlarına cəmləmişəm. Karyeramla bağlı mövsümün sonunda qərar verəcəm.
- Legioner həyatı yaşamaq istəyirsən?
- Mövsümün sonunu gözləyirəm. Təkliflərə baxacam, sonra qərar verəcəm.
ABDULLA İSMAYILOĞLU