Misli premyer-liqasının 30-cu turunun "Zirə" - "Səbail" matçının 26-cı dəqiqəsində Rəşad Sadıqov 4-cü hakim Əli Əliyevə "yekə oğlansız, ayıbdı, bizə elə epizoda görə 5 dəfə “qırmızı” vermisən", - deyə etiraz etdi.
"Football-plus.az" xəbər verir ki, məsələdən daha detallı xəbərdar olmaq üçün mütəxəssisə müraciət etdik:
"Mənim 4-cü hakimə hansısa etirazım, mübahisəm olmayıb. Narazılığım VAR-da oturan Nicat İsmayıllıyla bağlı idi. Onun oyunlarımıza təyinatı həmişə qərəzlə zəngin olub. "Kəpəz"lə matçda 2 oyunçumuza vərəqə göstərdi. "Neftçi"ylə görüşdə VAR-da oturub Geryeyə heç nədən “qırmızı” verdirdi.
"Sumqayıt"la qarşılaşmada Rəhimin 100 faizlik penalti epizodunu vermədi. Qısası, Nicat İsmayıllı bu mövsüm bizə münasibətdə qərəzli qərarlar verib. "Səbail"lə oyunda da VAR-da əyləşərək çiyin-çiyinə mübarizə və sərt epizodlarda baş hakimə lazımsız yerə çağırışlar edərək bizi cəzalandırmağa çalışırdı. Bu üzdən 4-cü hakimə etirazımı bildirmişəm".