Xəbər verdiyimiz kimi, təcrübəli mütəxəssisin “Nitsa”da işləyərkən idman direktoruna “komandada bu qədər qaradərili və müsəlman oyunçu ola bilməz” söylədiyi iddia olunub. Bu məlumat ortaya çıxandan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-dən çox zəng və mesaj gəlib. Hazırda o və ailəsi mühafizə altındadı. PSJ rəhbərliyi isə mürəkkəb məsələ ilə bağlı araşdırma aparır.
Qaltye özünün və ailəsinin adına ləkə yaxmağa çalışan hər kəsi məhkəməyə verəcəyini bildirib:
“Bir çoxları kimi, belə məsuliyyətsiz şəkildə deyilən sözlər məni də çox sarsıtdı. Mən mənşəyindən, rəngindən və dinindən asılı olmayaraq, digər insanlara hörmət etmək dəyərlərinə malik olmuşam. Bir kişi, futbolçu və məşqçi kimi bütün həyatım ətrafımdakıların rifahını düşünən bir şəkildə yaşamaq qayğısı ilə müşayiət olunub. Adımın və ailəmin bu şəkildə ləkələnməsinə icazə verə bilmərəm. Buna görə də şərəfimə xələl gətirən hər kəsi məhkəməyə vermək qərarına gəlmişəm”.



