Futbolumuzun inkişafı üçün səpilən toxumların “ölü” olduğu kiçikdən-böyüyə hamıya məlumdu.
Başqa ölkələrdə azarkeş qrupları minimalhesablı qələbələrdə belə “istefa” tələbi ilə məsul şəxslərin yaxasından yapışdığı halda, bizimkilər komandalarının darmadağın olmaması üçün Allaha yalvarır.
Azərbaycan çempionatında vəziyyət nisbətən qənaətbəxş olsa da, ölkəni beynəlxalq müstəvidə əsasən milli komanda təmsil edir. Təəssüf ki, “Qarabağ”ın avrokuboklarda qismən ağartdığı üzümüzü yığma yenidən əvvəlki rənginə boyadı. “Azərbaycan futbolunun zirvəsi” adlandırılan Mahir Emreli zədəli olduğu üçün həmin oyunlarda iştirak etməsə də, Türkiyə superliqasında özünü göstərdi. Gəlin görək, “zirvə”də ab-hava necədi?
Emreli Zaqreb “Dinamo”suna transfer edildiyi gün klubun əsas oyunçusu olacağı haqda yerli mətbuatda xəbərlər tirajlandı. Polşa “Legiya”sında son 10 ilin bombardirləri siyahısına düşən hücumçudan gözləntilər böyük idi. Millinin üzvü Varşava təmsilçisinin heyətində 33 oyunda 11 qol vurmuşdu. O, 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə bağladı. İlk mövsümdə 20 oyunda 5 qolla yadda qalan Emreli təxminən 1 il sonra Türkiyə superliqasında çıxış edən “Konyaspor”a 6 aylığa icarəyə verildi. Niyə? Səbəbi elə komandanın baş məşqçisi Ante Çaçiçdən eşidək:
“Forvardın yazda mümkün qədər çox oyun keçirməsinin daha yaxşı olacağını düşündük”.
Deməli, 25 yaşlı hücumçunun oyun təcrübəsi qazanması üçün bu addım atılıb. Çalışdırıcının sözlərini belə də izah etmək olar:
“Mahir, Azərbaycan futbolunun zirvəsisən, amma yetərincə yüksək deyilsən”.
Sözümüzə qüvvət kimi qeyd edək ki, baş məşqçi digər açıqlamasında cari mövsümün sonunda hücumçu ilə yola davam etmək niyyətində olmadığını və hücum xəttini gücləndirə biləcək oyunçuların alınacağını bildirib.
Görəsən, Emreli həqiqətən Türkiyədə oyun təcrübəsi qazana bilir? Bunu statistikaya müraciət etməklə aydınlaşdırmağa çalışdıq.
Transferindən sonrakı ilk açıqlamalarında oynamaq üçün darıxdığını deyən hücumçu "Afyonspor"a qarşı yoldaşlıq matçında debüt edib. Oyuna start heyətində başlasa da, ikinci hissədə əvəzlənib. Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, həmin dönəmdə “Konyaspor” ən çox ümid bəslənilən futbolçunun Mahir olduğunu qeyd etmişdi. Növbəti qarşılaşma isə superliqanın 26-cı turunda “Qalatasaray”la baş tutub (2:1). Görüşə start heyətində başlayan forvard 79-cu dəqiqədə Oğulcan Ülgünlə əvəzlənib. Məhz Ülgün 3-cü uzatma dəqiqəsində qələbə qolunu vurub. “Konyaspor” İstanbul təmsilçisinin 14 oyunluq qələbə seriyasına sona qoyduğu oyuda sarı vərəqə alan Mahirə görə cərimə ödəyib. Məlumat üçün bildirək ki, hücumçu millidən kənarlaşdırılmasına səbəb olan zədəni bu qarşılaşmada alıb. Mahir sağaldıqdan sonra klubunun superliqanın 27-ci turunda “Ümraniyəspor”la qarşılaşdığı matçda çıxış edib. 2:2 hesabı ilə bitən görüşə start heyətində başlayan həmyerlimiz 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib. O, oyundan sonra Türkiyə mətbuatına açıqlamasında komandasına ötürmə və qollarla fayda verə bilmədiyini etiraf edib. Nəhayət, hücumçunun iştirak etdiyi son qarşılaşma aprelin 7-də keçirilib. “Konyaspor” superliqanın 28-ci turunda evdə “Antalyaspor”la qarşılaşıb. Mahir qalibin müəyyənləşmədiyi görüşdə (1:1) start heyətində yer almayıb. 66-cı dəqiqədə meydana çıxan futbolçu 6-cı uzatma dəqiqəsində rəqiblə toqquşaraq başından yüngül xəsarət alıb. Buna qədər isə daha bir real qol şansını boşa verib və oyunun ardından buna görə azarkeşlərdən üzr istəyib.
“Konyaspor” mövsümün sonunda onunla icarə müddətini uzada bilər. Bu, təbii ki, hücumçunun preformansından asılı olacaq. Hələlik isə müstəqil Azərbaycan futbolunun istedadlarından sayılan Mahir Türkiyədə nə qol hesabını açıb, nə də məhsuldar ötürmə verib…
KƏNAN BAHADIR