Meyson Qrinvud onu zorlamada ittiham edən qızla evlənmək istəyir.
"Football-plus.az"ın məlumatına görə, “Mançester Yunayted”in oyunçusu barədə xəbəri “The Sun” yayıb.
Populyar qəzetin yazdığına görə, 21 yaşlı hücumçu Harriet Robsonla toy etməyi planlaşdırır. Qrinvud artıq hər iki ailəyə bu niyyətlərini bildirib. Daha əvvəl cütlüyün uşaq gözlədiyi məlum olmuşdu. Meyson bu yaxınlarda hamilə olan sevgilisi ilə birlikdə Londonda bir otelin qarşısında görünüb.
Xatırladaq ki, Harriet 2022-ci ilin yanvarında fiziki və cinsi zorakılığa məruz qaldığını bildirərək sosial şəbəkələrdə silsilə fotolar yaydıqdan sonra Meysonu məhkəməyə vermişdi. Futbolçu dərhal həbs olunmuşdu. Amma bu ilin fevralında bütün ittihamlardan azad edilib.
Buna baxmayaraq, “Mançester Yunayted”in məşqlərinə buraxılmır. Qrinvud ən azı bu mövsümün sonuna qədər komandanın məşq prosesindən kənarda qalacaq. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Zorlama ittihamı ilə həbs olunan və sərbəst buraxılan futbolçu klubdaxili araşdırma aparıldığı üçün komandaya qoşula bilmir. Qeyd edək ki, hücumçu yetirməsi olduğu MY-yə müqavilə ilə 2025-ci ilin yayınadək bağlıdı.
Ötən ilin yanvarından oktyabrına qədər həbsdə olan futbolçunun səbəbkar olduğu insidentin daha bir mənfi təsiri var. Meyson bundan sonra İngiltərə yığmasına çağırılmayacaq. Bu barədə “The Sun” məlumat yayıb.
Qəzet yazır ki, həbsdən yenicə çıxan Qrinvud milli komandadakı karyerasını davam etdirmək istəyir. Lakin İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt buna qarşıdır. Deyilənə görə, Sautqeyt yalnız futbolçunun istedadına deyil, həm də komandasında münasibətlərin necə inkişaf etdiyinə böyük əhəmiyyət verir. Qeyd edək ki, anası Yamaykadan olan Meyson bu ölkənin millisini seçə bilər.