Yığmanın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsindəki ilk iki oyununun üstündən təxminən 10 gün keçməsinə baxmayaraq, hələ də müzakirələr davam edir.
Xatırladaq ki, Canni de Byazinin çalışdırdığı komanda martın 24-də Avstriyaya (1:4), 27-də isə İsveçə (0:5) səfərdə böyük hesabla məğlub olub. Millinin uğursuzluğu futbol ictimaiyyəti arasında geniş əks-səda doğurduğundan hər kəs acı yenilginin səbəbini bilmək istəyir. Xüsusilə AFFA rəhbərliyi hazırda İtaliyada olan De Byazinin hesabatını gözləyir.
"Football-plus.az"ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Millinin baş məşqçisi də hesabatını məhz həmin toplantıda təqdim edəcək. Mənbəmizin sözlərinə inansaq, De Byazinin istefası gündəmdədi. İcraiyyə Komitəsinin bəzi üzvləri onunla yolların ayrılmasını və komandanın yerli mütəxəssisə tapşırılmasını istəyir. Assosiasiya rəsmiləri arasında da italiyalının yola salınmasını istəyənlərin sayı az deyil. Sadəcə, təzminat məsələsi onları düşünməyə vadar edir.
RƏŞAD