Şamaxıda eyniadlı komanda “Qarabağ”ı qonaq edirdi. Əvvəlki üç dövrədə baş tutan qarşılaşmalar “köhlən atlar”ın qələbəsi ilə yekunlaşdığından qonaqların bu dəfə də matçın favoriti göstərilməsi heç də təəccüblü deyildi.
Hərçənd bu dəfə qələbə ağdamlılara heç də asan başa gəlmədi. Vüqar Əsgərli - Cavid Hüseynov tandeminin çalışdırdığı komanda premyer-liqanın liderinin əsəbləri ilə oynamağı bacardı. Açığı, “Qarabağ” da Şamaxıda ağır görünürdü.
Qonaqlar həmişəki kimi topa daha çox nəzarət etsə də, hücumları məntiqi sonluğa çatdıra bilmirdi. Hələ ilk yarıda “köhlən atlar” bir neçə fürsəti qaçırdı. Yeganə qol isə bir qədər gözlənilməz oldu. Adətən, top ayağında olanda sürəti hesabına cinahboyu reyd edən Elvin qapı önünə ya asma edir, ya da ötürmə verir. Ancaq bu dəfə Musadan ötürmə alan “44 nцmrə” qapıya zərbə vurmağa qərar verdi və yanılmadı. Uzaq küncü dəqiq nişan alan müdafiəçi 32-ci dəqiqədə qarşılamanın taleyini həll edən qolun müəllifi oldu. Maraqlıdı ki, mövsümdə 4-cü qolunu vuran Cəfərquliyev bunlardan ikisini məhz “Şamaxı”nın qapısından keçirib.
Qalan dəqiqələrdə meydan sahibləri əzmkarlıq hesabına oyunu dəyişmək istəsə də, ustalıq özünü göstərdi. Ağdamlılar qələbə hesabını sonadək qoruya bildi. “Şamaxı” isə nəticə baxımından məğlub olsa da, istək və əzmkarlıq baxımından pis təsir bağışlamadı. “Şirlər” bu oyundakı motivasiyanı qarşıdakı turlarda da ortaya qoya bilsə, elitada yerini qoruyacaq.
Gözdən qaçmadı
* Cəza səbəbindən oyunu buraxmaq məcburiyyətində qalan Elvin Məmmədov kollektivi tək buraxmamışdı. Stadiona azyaşlı oğlu ilə gələn kapitan isinmə hərəkətləri zamanı onunla birgə meydana çıxıb komanda yoldaşlarına motivasiya verməyi özünə borc bildi.
* Hakimin start fitindən bir neзə dəqiqə əvvəl єamaxılı azarkeşlərdən biri üzərində “AFFA, Azərbaycanın komandası Şamaxı! Dünya yığmalarına qarşı” plakatı açdı. Bunu görən AFFA nümayəndəsi Elman Musayev polislərdən birini həmin azarkeşin yanına göndərərək plakatın alınmasını istədi və istəyinə də nail oldu. Həmin plakatda siyasi mesaj, təhqir olmasa da, Elman bəy nədənsə tribunada görünməsinə icazə vermədi.