Millimiz AÇ-2024-ün seçmə mərhələsinə iki böyükhesablı yenilgi ilə başladı. Avstriya və İsveçdə yaşananlar uzun müddət yaddaşlardan silinməyəcək.
“Football-plus.az” olaraq fiaskonu şərtləndirən səbəblərlə bağlı Ağasəlim Mircavadovla əlaqə saxladıq:
"Millimizin 2022-ci ildə son 5 oyunda göstərdiyi nəticələrdən sonra çox ümidliydik. Amma alınmadı. Kobud fərdi səhvlər etdik. Rəqib də bundan istifadə etməklə qapımıza qollar vurdu. Əslində hər iki oyuna pis başlamamışdıq. İlk dəqiqələrdən rahat, mübariz futbol oynayırdıq. Hətta qol epizodları da yaratdıq, amma son nöqtəni qoya bilmədik. Heyətdə də problemlər vardı. Əsasən də oyunçuların yerdəyişməsində. Məsələn, mərkəz müdafiəçisi olan Höccət Haqverdi niyə sağ cinahda oynadılır? Axı bu, iranlının doğma mövqeyi deyil və burda özünü göstərə bilmir. Cinah müdafiəçiləri çevik və sürətli olmalıdı. Onlar həm hücumlara qoşulmalı, həm də vaxtında müdafiəyə çəkilməlidi. Ümumiyyətlə, müdafiədə ciddi nöqsanlar var idi. Maksim Medvedevin milliyə niyə çağrılmaması mənim üçün qaranlıq qaldı. Sağ cinah onun doğma mövqeyidi. Kimsə deyə bilər ki, Maksim formada deyil. Amma "Qarabağ" - "Qalatasaray" oyununda kapitan özünü yaxşı tərəfdən göstərdi. Həmçinin Qara Qarayevi qeyd edərdim. Orta sahədə "qara iş"i üzərinə götürməklə yaxşı işlər görür. Onun da yeri göründü. Ümumiyyətlə, çox oyun keçirən futbolçulara fərqli yanaşma, hörmət olmalıdı. Lazım gəlsə, məşqçilər onlarla daha çox fərdi söhbət etməli, iradını elə bildirməlidi ki, problem yaranmasın. Qollardan sonra komanda ruh düşkünlüyü yaşadı, oyun ritmi itdi. Hücumlarımız da kortəbii təşkil olunurdu. Qısası, belə start gözləmirdik".