"Meydanda maksimumuzu etməyə çalışacağıq" - Canni de Byazi

23.03.2023 21:10 266
Ölkə futbolu / Manşet
Azərbaycan milli komandası sabah Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyanın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- Avstriya millisinin heyətində David Alaba və Marko Arnautoviç oynamayacaq. Bunun matça təsiri necə olacaq?
- Avstriya yaxşı təşkilatlanmış komandadı. Son matçlarda yaxşı nəticə göstəriblər. Xüsusən də İtaliyaya qarşı. İkisi də vacib oyunçulardı. Amma Avstriyanın onlardan başqa da yaxşı futbolçuları var.

- Bədavi Hüseynovla Mahir Emrelinin yoxluğunun təsiri necə olacaq?
- Bu cür oyunlarda hamı hazır olmalıdı. Bizim B planımız var. Mahir Emreli bizimlə bir gün məşq etdi. Onun fiziki problemləri oldu. 10-15 gün məşq edə bilməyəcək. Qapıçımız Şahruddin Məhəmmədəliyev də zədəlidi. Onun yoxluğu bizim üçün ciddi itkidi. Sabah əsas heyətdə gənc qapıçı ola bilər.

- Rəqib baş məşqçi bildirdi ki, Azərbaycan topla oynamağı yaxşı bacaran komandadı. Millimiz son matçlarda göstərdiyi oyunu sabah da göstərə biləcək?
- Meydanda maksimumumuzu etməyə çalışacağıq. Rəqibin keyfiyyətli, güclü futbolçuları var. Ən əsası özünəinamdı. Son oyunlarda olduğu kimi davam edib, yaxşı nəticə qazanmaq istəyirik.

- Qrupu necə dəyərləndirirsiz?
- Belçika qrupun ən güclü komandasıdı. İkinci, üçüncü isə Avstriya ilə İsveçdi. Biz dördüncü hesab olunuruq. Amma hələ heç nə bilmək olmaz. Biz sabah qəlib gələ də bilərik.

- Sabahkı oyun üçün hansı planınız var?
- Yaxşı komandamız var. Uzun müddətdir futbolçular bir yerdə oynayırlar, bir-birilərini başa düşürlər və mənim istədiklərimi edirlər. Əslində futbol asan oyundur, sadə oynamaq lazımdı. Qeyri-adi heç nə yoxdu.