Qananın paytaxtı Akkrada Türkiyədəki dağıdıcı zəlzələdə həlak olan “Hatayspor”un sabiq yarımmüdafiəçisi Kristian Atsu ilə vida mərasimi keçirilib.
31 yaşlı ulduz futbolçunun cəsədi 11 günlük axtarışdan sonra fevralın 18-də yaşadığı binanın qalıqları altından çıxarılıb.
“Football-plus.az” xəbər verir ki, vidalaşma mərasimində Atsunun yaxınları ilə yanaşı ölkə prezidenti Nana Akufo-Addo, milli komandanın baş məşqçisi Kris Hyuton, sabiq komanda yoldaşları və yüzlərlə azarkeş iştirak edib. Atsu doğma Ada şəhərində torpağa tapşırılıb.
Mərhum futbolçunun “Hatayspor”dan başqa “Çelsi”, “Portu”, “Everton” və “Nyukasl”ın da şərəfini qoruduğunu xatırladaq. O, Qana yığmasının heyətində keçirdiyi 60 oyunda 10 qol vurmuşdu.