Türkiyə və dünya futbol ictimaiyyətinin Kristian Atsunun dağıntılar altından sağ çıxacağı ilə bağlı ümidləri puç oldu.
Bu gün səhər saatlarında, yəni zəlzələnin 12-ci günündə, təxminən 280 saat sonra ''Hatayspor''un tanınmış qanalı futbolçusunun cəsədi dağıntılar altından tapıldı. Daha öncə xilasedicilər Atsunun yaşadığı evi dağıntıların içində tapmağa müvəffəq olmuşdular. Orda futbolçunun pasportu və əşyaları tapılsa da, onun özündən xəbər-ətər yox idi. Atsunun türkiyəli təmsilçisi Murat Uzunehmet acı xəbəri ictimaiyyətə belə açıqlayıb:
''Atsunu sonda tapmaq mümkün oldu. Amma təəssüf ki, dağıntılar altından yalnız cansız bədənini çıxarmaq mümkün oldu. Telefonu da tapılıb. Əşyaları isə hələ də çıxarılır''.
Dünən məlum olmuşdu ki tanınmış futbolçu əslində zəlzələdən bir neçə saat öncə Türkiyəni tərk etməli imiş. Onun təyyarəyə bileti də var idi. Amma fevralın 5-də ''Kasımpaşa'' ilə qarşılaşmada qələbə qolunu vurduqdan sonra Atsu fikrini dəyişərək Türkiyədə qalmaq qərarına gəldi. Elə həmin gecə də bu bədbəxt hadisə baş verdi. Yəni bir növ qol vurması bu futbolçunun ölümünə səbəb oldu. Ailəli olan və iki uşaq sahibi olan 31 yaşlı futbolçu ''Hatayspor''a ötən ilin sentyabrın əvvəllərində gəlmişdi. Zədə və adaptasiya ilə bağlı problem üzündən bu klubda cəmi 4 rəsmi oyuna çıxaraq 1 qol vura bildi.
Daha öncə ''Portu'', ''Everton'', ''Malaqa'', ''Çelsi'', ''Nyukasl'' kimi tanınmış klublarda forma geyən Atsu Türkiyəyə gəlməmişdən öncə 1 mövsüm Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Rayed''də çıxış etmişdi. Qana yığması ilə DÇ-2014-də iştirak edən Atsu ümumilikdə öz ölkəsinin heyətində 65 qarşılaşmada 10 qol, 9 məhsuldar ötürmə ilə fərqlənmişdi.