Bu haqda həmkarımız Anar Xanlarov “feysbuk” səhifəsində paylaşım edib.
Bilməyənlər üçün xatırladaq ki, İsmayılov milli komandanın 1992-ci ildə Gürcüstanla keçirdiyi ilk oyunun işrakçısı olub. Ölkə çempionatında bir çox klubun şərəfini qoruyub. 1992-93-cü illərdə ardıcıl iki dəfə gümüş medalları qazanan Sumqayıt "Xəzər"nin aparıcı futbolçularından olub. "Neftçi"nin heyətində ölkə kubokunu qazanıb, Kuboklar Kubokunda APOEL-ə qarşı oynayıb. Eyni zamanda, "Şəmkir", "Viləş" kimi klubların da şərəfini qoruyub. Hazırda Türkiyədə xəstəxanaya olan veteran futbolçunun vəziyyəti acınacaqlıdı. İsmayılovun qara ciyərində problem yaranıb və bir həftədi xəstəxanadadı. Lakin xərcləri çox yüksək olduğundan əlində olan vəsaitin, demək olar ki, hamısını xərcləyib. Azərbaycana qayıdıb müalicəsini burda davam etdirməsi çox vacibdi. Lakin xəstəxanaya borcu olduğuna görə ordan çıxmasında problem yaranıb. Veteran futbolçunun xəstəxanaya təxminən 5 min manat borcunun olduğu deyilir.
Görəsən, AFFA və "Neftçi" rəhbərliyi Vüqar İsmayılovun acınacaqlı vəziyyətindən xəbərdardı? Ona kömək etməyə hazırdılar? Bunu aydınlaşdırmaq üçün öncə assosiasiyanın mövqeyini öyrənməyə çalışsaq da, cəhdimiz baş tutmadı. Klubdan isə sorğumuza cavab ala bildik.
"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevin "Football-plus.az"a söylədikləri belə oldu:
"Biz həmişə klubumuzda çıxış etmiş veteran futbolçulara qayğı göstərmişik. İstər veteranlar özləri, istərsə də rəhmətə gedənlərin ailə üzvləri kluba müraciət etdikdə əlimizdən gələni etmişik. Futbol klubu yardım fondu deyil, lakin bu vaxta kimi müraciət edənlərə köməyimizi əsirgəməmişik. Vüqar İsmayılovun nə özü, nə də yaxınları tərəfindən bizə müraciət olub. "Neftçi"nin sabiq futbolçusunun Türkiyədə xəstanaya yerləşdirilməsiylə bağlı məlumatımız yox idi. Klub rəhbərliyinə dərhal məlumat veriləcək. Biz, adətən, insanlara yardım edəndə bunu reklama, şouya çevirmirik. Böyük ehtimalla “Neftçi” Vüqar İsmayılovun taleyinə də biganə yanaşmayacaq".
ABDULLA İSMAYILOĞLU




