“Sumqayıt”ın kapitanı azarkeşlərdən üzr istədi - AÇIQLAMA

16.03.2023 14:02 374
Ölkə futbolu
Sərxan Hacıyevin martın 7-də verdiyi məlum açıqlamadan sonra premyer-liqada qalmaq uğrunda gərgin və maraqlı mübarizəyə şahidlik edirik. Turnir cədvəlinin sonlarında qərarlaşan komandalar üçün qazanılan hər xal Uliyam Şekspirin qəhrəmanı Hamletin monolqundakı “ölüm və ya qalım” sözlərini xatırladır.

Mayın sonunda elitanı hansı komanda tərk edəcək? Hazırda bu sual futbol camiəsini çox maraqlandırır. Bu bəxtsiz “Səbail” də ola bilər, “Şamaxı” da. “Kəpəz”in də durumu ürəkaçan deyil. Son iki matçda qapısında 10 qol görən “Sumqayıt” da belə davam edəcəyi halda növbəti mövsümə birinci divizionda başlaya bilər.

“Qarabağ”la dünənki oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasovun fikirləri ilə tanışsız. 44 yaşlı mütəxəssis dördüncü dövrədə “qara zolaq”dan çıxmağa çalışacaqlarını bildirib. Görəsən, “Sumqayıt”ın kapitanı, 10 ildi “gənclik şəhəri” təmsilçisinin uğurları üçün tər tökən Vurğun Hüseynov nə düşünür? “Kimyaçılar”ın təcrübəli müdafiəçisi “Football-plus.az” saytına açıqlamasında ilk olaraq azarkeşlərdən üzr istədi:

“Son iki qarşılamada ağır məğlubiyyətə üzüldük. Deyiləcək çox söz yoxdu. “Qarabağ”la matçda bizə dəstək üçün tribunları dolduran azarkeşlərdən sizin vasitənizlə üzr istəyirəm. Ağır olsa da, bu oyunu yaddan çıxarıb qarşıdakı 9 matça hazırlaşmalıyıq. Son dövrədə toparlanıb hesabımıza xallar yazmalıyıq ki, “Sumayıt” elitada yerini qorusun. İnanıram ki, komanda şəklində ağır vəziyyətdən çıxmağı bacaracağıq. Başqa yolumuz yoxdu”.


RƏŞAD