"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

5.12.2022 13:10 280
Premyer-liqa
“Sumqayıt” misli premyer-liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb.

Football-plus.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi XVI turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun komandası səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” premyer-liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.