Birinci divizionun 2-ci dövrəsində uğursuz çıxış edən komandalardan biri də "Zaqatala"dı. Bölgə təmsilçisi son 5 oyunda 5 xal toplayıb. Son 2 matçda isə məğlub olub.
Evdə mübariz komanda kimi tanınan Zaqatala təmsilçisi son turda doğma meydanda "Neftçi-2"yə uduzub. Uğursuzluqla bağlı baş məşqçi Rüstəm Məmmədov "Football-plus.az" saytına bunları dedi:
"Uğursuz çıxışın və ardıcıl məğlubiyyətlərin əsas səbəbi heyətin kasad olmasıdı. Əlimin altında 12-13 nəfər daim oynayan, təcrübəsi olan futbolçular var. Qalanlar təcrübəsiz gənclərdi. Oyuna sonradan qoşulub dəyişiklik edə biləcəyimiz futbolçular yoxdu. Belə olan halda da əsas heyət üzvləri yüklənir və fiziki cəhətdən çatdıra bilmir. Hazırda gücümüz maksimum 60 dəqiqə oynamağa kifayət edir. Uduzduğumuz oyunlarda da uşaq səhvlərindən qollar buraxırıq. Son matçda futbolçumuzun qırmızı vərəqə alması işimizi daha da çətinldirdi. Onsuz da heyətimiz kasaddı. Nikbinliyimizi qoruyub qarşıdakı oyunlarda yaxşı çıxış etməyə çalışacağıq".
ABDULLA İSMAYILOĞLU