Premyer-liqa və Birinci divizionla bağlı planlar açıqlandı

7.03.2023 14:00 539
Ölkə futbolu
“Misli premyer-liqasında klubların sayının artırılması gündəmdə deyil”.

"Football-plus.az" xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini bildirib:

“Bu il bir komanda premyer-liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. Birinci diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas liqaya gələcək”.


Hacıyevin sözlərinə görə, 2023/2024 mövsümündən Birinci divizionda premyer-liqanın əvəzedici komandaları iştirak etməyəcək. O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib:

“Birinci Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq. Birinci diviziondakı 10 komandaya 3 milyon vəsait ayrılacaq”.


Baş katib əlavə 4 komandanın Birinci divizona gələcəyini diqqətə çatdırıb:

“Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib”.


Yeri gəlmişkən, Birinci divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi də ləğv olunub. Sərxan Hacıyev Birinci divizionda çıxış üçün xüsusi kriteriyaların ayrıldığını bildirib:

“Region Liqasında bir il oynayan komandanın da Birinci diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.