Sabah AFFA-da vacib tədbir baş tutacaq.
Əvvəlcə qurumun Konfransı, daha sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. Assosiasiyanın rəsmi saytı müzakirə olunacaq mövzuların siyahısını da ictimaiyyətə təqdim edib. Həmin məsələlər üzərində bir-bir “gəzişməyə” çalışacağıq.
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər.
2023-cü il Azərbaycanda rəsmən “Heydər Əliyev İli” elan olunub. Federasiyanın da buna uyğun tədbirlər keçirməsi labüddü. AFFA-nın ictimai qurum olduğunu nəzərə alsaq, belə tədbirlərin keçirilməsi ilə bağlı məsələlərin müzakirə olunması vacibdi.
2. 2024-28-ci illər üçün FİFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması.
Bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşü baş tutdu. Çox güman, ali futbol qurumu bu məsələlərlə bağlı tapşırıqlarını Azərbaycanın bu idman sahəsinə nəzərat edən şəxsinə çatdırıb. AFFA rəhbərliyi də bu istiqamətdə görüləcək işləri müzakirə edərək ictimaiyyətə açıqlayacaq.
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi.
Bildiyiniz kimi, U-19 millisinin baş məşqçisinin adı bəlli deyil. Miloş Velebit göndəriləndən sonra bu post boş qalmışdı. Böyük ehtimalla İcraiyyə Komitəsi yeni baş məşqçinin adını açıqlayacaq. Yəqin ki, bu posta Aqil Nəbiyev təyin olunacaq. Bu məlumatı “Futbol+” Velebitin göndərilən ərəfədə diqqətinizə çatdırmışdı.
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
Martın 4-də AFFA Apellyasiya Arbitraj Tribunalının tərkibinin 4 illik fəaliyyət müddəti başa çatıb. Çox güman, adı çəkilən komitənin yeni üzvləri ictimaiyyətə təqdim olunacaq.
5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqda Əsasnaməsinin təsdiqi.
Bizdə olan bilgiyə görə, təqaüd alanların siyahısında bəzi dəyişiklikləri gözlənilir, konkret Gəray Qarayevin adının siyahıya düşəcəyi deyilir.
6. Yoxlama və Təftiş Komitəsinin hesabatı
Bu məsələlər hər il AFFA-nın iclaslarında müzakirə olunur. İndi də prosedura uyun müzakirələr baş tutacaq.
7. Birinci divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi.
Bəlkə də əsas müzakirə mövzusu budu. Artıq neçənci dəfədi Region Liqasında çıxış edən iddialı komandalar 3 il şərtinə görə fəalliyyətini dayandırmaq məcburiyyətində qalıb. AFFA belə halların baş verməməsi üçün yeni sistem tətbiq etmək niyyətindədi. “Xan Lənkəran”la “Uğur” iddialı olsalar da, sonradan bu şərtə görə fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Yəqin ki, AFFA növbəti mövsümdən etibarən Region Liqasını 1-ci divizionun alt liqası kimi təsdiq edəcək. Yəni bu çempionatın qalibi növbəti ildən peşəkar statuslu yarışda mübarizə aparmaq ixtiyarında olacaq. Lakin AFFA yenə komandaların qarşısına maliyyə və infrastruktur şərtlərini qoyacaq.
8. Misli premyer-liqası, birinci divizion və kubok oyunlarının internet üzərindən yayını və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.
Bu məsələ cari mövsümdən etibarən problem yaratmağa başladı. Çünki PFL oyunların yayınını “İnsports.tv”yə həvalə etdi. Qurum şirkətlə anlaşandan sonra “CBC Sport”la arada problemlər yaşandı. Telekanal əvvəlcə öz internet saytında görüşləri canlı yayınlasa da, daha sonra PFL-in tələbi ilə bunu dayandırmaq məcburiyyətində qaldı. Böyük ehtimalla bu problemin həlli üçün yuxarıda qeyd olunan məsələlər PFL-ə həvalə olunacaq.
9. Birinic divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi.
Bu məsələni mediada birinci “Futbol+” işıqlandırıb. Artıq iki ilə yaxındı bu variant gündəmdi. Hətta baş katib Sərxan Hacıyev jurnalistlərlə görüşündə bunun həlli istiqamətində çalışdıqlarını etiraf etmişdi. İndi isə divizionla əvəzedicilərin yarışının ayrılmaq vaxtı çatıb. Hazırda divizionda 6 müstəqil klub çıxış edir. Onlardan biri mövsümün sonunda Misli premyer-liqasına vəsiqə qazansa, 5 komanda qalır (AFFA rəsmiləri, daha çox baş katib Sərxan Hacıyev müsahibələrində mövsümün sonunda premyer-liqanı bir komandanın tərk edəcəyini, divizionda çempion olan kollektivin onu əvəz edəcəyini bildirib – İ.S.). İndiki məqamda federasiyanın məqsədi 8 komandadan ibarət çempionat təşkil etməkdi. Qalan 3 kollektiv Region Liqasında müntəzəm ıxış edənlər olacaq. “Karvan”, “Qobustan”, “Göyəzən”, “Füzuli”, “Ərkivan”, “Qusar” bu şərtlərə uyğun gələn kollektivlərdəndi. Ola bilər ki, AFFA say artımına getsin. Bu da 7-ci müzakirə mövzusundan asılı olacaq. Federasiya 1-ci divizionda çıxış etmək üçün 3 il Region Liqasında çıxış etmək şərtini aradan götürsə, müəyyən maliyyə dayağı və infrastrukturu olan “Cəbrayıl”, “Xəzər Lənkəran 42”, Difai, “Marxal” və “Qala”nı da bu siyahıya əlavə etmək olar. Belə olan halda ən azı 12 komandadan ibarət çempionat keçirmək mümkündü. İstənilən halda, AFFA-nın daha çox 3 il Region Liqasında çıxış edən kollektivlərə üstünlük verəcəyini düşünmək olar. Yeni çempionatda iştirakçıların sayı klubların qurumun lisenziya şərtlərinə uyğun gəlməsindən asılı olacaq. Bundan əlavə, əvəzedicilərin 1-ci divizonda çıxış etməməsi AFFA-ya da sərf edir. Bəzi premyer-liqa klubları müxtəlif illərdə divizionda əvəzedici komandalarının iştirakını istəməyib. Bu isə futbol qurumuna problem yaradıb. Çempionatlar ayrılsa, bu məsələ də həllini tapacaq.
10. 2023/24 mövsümündən etibarən birinci divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi.
Yuxarıdakı bənddə qeyd etdiyimiz kimi, AFFA 1-ci divizionu müstəqil çempionat kimi təşkil etmək istəyir. Burda çıxış edən komandalara da maliyyə ayrılacaq. Bunun üçün isə klublar lisenziya şərtlərini yerinə yetirməlidi. Lisenziyanın, yəqin ki, 3 əsas şərti olacaq: bank təminatı, infrastruktur və müəyyən sayda aşağı yaş qruplarının olması. Bu da klubların divizionda çempion olacağı təqdirdə premyer-liqaya vəsiqə qazanmaqda problem yaşamaması üçündü.
11. Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı.
Bu federasiya AFFA-nın tərkibində olan qurumdu. Son illərdə həm klub, həm də milli komanda səviyyəsində uğur əldə edə bilmirik. Böyük ehtimalla qurumun inkişafı istiqamətində bəzi məsələlər müzakirə olunacaq və hazırkı rəhbərliyə tapşırıqlar veriləcək.
12. Digər məsələlər
Yəqin bura hansısa təyinatlar, “Bakcell Arena”nın yeni adı və premyer-liqanın limiti məsələləri daxil edilib. Hər halda, AFFA tarixində ilk dəfə belə çox məsələ müzakirə olunacaq. Bu da ölkə futbolunda bəzi dəyişikliklərdən xəbər verir. Görünür, Rövnəq Abdullayev, özü dediyi kimi, indi ancaq futbolla məşğul olmaq niyyətindədi. AFFA prezidenti artıq bunu hiss etdirir. Onun İnfantino ilə görüşməsi, “Şamaxı” – “Sabah” matçını arenadan izləməsi bunun bariz nümunəsidi. Hər halda, hansı qərarlar verilir-verilsin, ölkə futbolu üçün faydalı olmasını arzulayırıq.
İLKİN SULTANLI