Misli premyer-liqasında gərgin mübarizənin şahidi olsaq da, azarkeş marağı baxımından durum ürəkaçan deyil. Təbii ki, söhbət Bakıda keçirilən oyunlardan gedir. Xüsusilə “Neftçi” dəstək baxımından problemlə üzləşib.
Flaqman ev oyunlarını 10260 nəfərlik “Bakcell Arena”da keçirir. Qış fasiləsindən sonra komanda üç ev matçına çıxıb. 20-ci turda “Zirə” ilə qarşılaşmanı 700, 21-ci turda “Sumqayıt”la görüşü 500, 23-cü turda “Səbail”lə matçı isə 600 azarkeş stadiondan izləyib. Hələ onu da nəzərə alaq ki, ümumi saya qonaq komandaların azarkeşləri də daxildi.
Görəsən, bunun səbəbi nədi? Azarkeşləri niyə “Neftçi”nin oyununa maraq göstərmir?
Football-plus.az olaraq, suallarımızı klubun azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevə ünvanladıq:
“Bəzi ölkələri çıxmaq şərtilə xaricdəki azarkeşlər stadionlara dincəlmək məqsədilə gəlir. Azərbaycanda isə sön dövrlərdə başqa fikir formalaşıb. Demək olar ki, əksər matçlarda bu amil nəzərə alınmır. Həftəiçi və sıx vaxtlara təyin olunan qarşılaşmalar, əlbəttə, belə xoşagəlməz mənzərə yaradacaq. Futbol bir çox insanın öncəliyi deyil. İstisnalar var, amma əksəriyyət iş-gücünü atıb stadiona gəlmək istəmir. Qatı fanatların sayı isə stadionu dolduracaq qədər deyil.
İkinci önəmli məsələ qış fəslinin sərt keçməsidi. Müxtəlif viruslar yayılıb. Azarkeşlər də ehtiyatlanır. Uzun illərdi tribunada olan şəxs kimi deyə bilərəm ki, yerli fanatlar soyuq havada futbol izləməyə öyrəşməyib.
Daha bir vacib amil isə “Netçi”nin son dövrlərdə baxımlı oyun sərgiləməməsidi. Bu heç kimə sirr deyil. Hədəflədiyimiz nəticələri əldə edə bilmirik. Oyunun gedişində komandanın performansına mənfi təsir göstərən hallar yaşanır. Xüsusilə bu çatışmazlığın üzərində çalışırıq. Artıq müəyyən nəticələr əldə etmişik. “Neftçi” həmişə tribunası ilə seçilib.
Fanklublarımız, xüsusilə “Forza Neftçi” mövcud şəraitdə komandanı meydanda tək qoymayıb. Lakin etiraf edim ki, indiki performans azarkeşləri qane etmir”.
Aqil bəy vəziyyətdən çıxış yolunu da göstərdi:
“Əlbəttə, azarkeş sayı ilə bağlı məsələ bizi də narahat edir. Problemin tezliklə aradan qaldırılması üçün hərəkətə keçmişik, təkliflərimiz də var. Aidiyyatı qurumlara müraciət edib bəzi dəyişikliklərin həyata keçirilməsini tələb edirik. Təəssüf ki, təkliflərimizin dəyərləndirilməsi, həmin qurumların layihəyə razılıq verməsi uzun vaxt alır. Hazırkı şəraitdə faydalı nəticə gözləmək məntiqsizdi. Azərbaycan futbolunun inkişafını sürətləndirmək istəyiriksə, belə keçid dönəmlərində bir olmalıyıq. Ən azı tənqidə açıq olmaq, səhvləri qəbul etmək lazımdı. Yoxsa hansısa irəliləyişdən söhbət gedə bilməz. Həllini gözləyən məsələlərin sayı ciddiyə alınacaq qədər çoxdu. Birdən-birə hər şeyin yoluna düşəcəyini gözləmək absurd olar. Hər klub istəyər ki, ev oyununa bilet çox satılsın, tribunalar dolsun. Əks halda futbolçular da əziyyət çəkir. Çünki azarkeş dəstəyi komandanın performansına təsir edir. Digər tərəfdən, oyunların balanslaşdırılması da azarkeşlərin nəzərindən qaçmır. Ola bilsin, gündəmdə olan hakim ədalətsizlikləri, təəssübkeşlik, yerlibazlıq və bu qəbildən olan bədbəxtliklər futbolsevərləri küsdürüb”.
KƏNAN BAHADIR