“Mersedes” yeni maşınını təqdim etdi, Hemilton danışdı

18.02.2023 22:53 235
İdman
“Formula-1”in iddialı komandalarından “Mersedes” fevralın 15-də yeni mövsüm üçün maşınını təqdim edib.

Yeni maşın “W14” adlanır. Britaniya komandası 2020-21-ci illərdə çıxış etdiyi qara rəngə dönməyə qərar verib. Komandanın martın 3-də start götürəcək yeni mövsüm üçün pilotları dəyişməyib, yəni “Mersedes”i Lüis Hemiltonla Corc Rassell uğurlara daşımağa çalışacaq. Bu komandanın son mövsümdə Mühəndislər kubokunda 3-cü yeri (515) tutduğunu da xatırladaq.

Son iki mövsümdə çempionluq uğrunda mübarizədə Maks Ferstappenə uduzan yeddiqat dünya çempionu Hemilton təqdimat mərasimində 2023 ilə bağlı gözləntilərini bölüşüb: “Ötən həftəni komandanın bazasında keçirməyimiz yaxşı oldu. Bütün komanda üzvlərinin kiçik detallar üzərində necə fədakarcasına işlədiyini gördüm. Hər şey bir-birinə üzvi şəkildə bağlı idi, tamın bir hissəsi kimi çalışırdı. Hər kəs maşınımızın iş başında – trassda nəyə qadir olduğunu görməkdən ötrü səbirsizlənir. Təbii ki, həm də rəqiblərimizin hansı səviyyədə olduğunu görmək istəyirik”.