Əbu-Dabidə keçirilən sonuncu, cari mövsümdəki 22-ci mərhələnin yekunları əslində ilboyu davam edən mübarizəni ən yaxşı şəkildə xarakterizə edir.
"Football-plus.az" xəbər verir ki, Maks Ferstappen yenə ciddi müqavimətlə üzləşmədi, Serxio Pereslə Şarl Lekler son ana qədər 2-ci yer uğrunda mübarizə apardı, Mühəndislər kubokunda ikinciliyi “Ferrari”dən ala bilməyən “Mersedes” düşərgəsi isə 2022 mövsümünü imkan daxilində tez unutmağa çalışacaq.
Ferstappen mövsümdəki 15-ci qələbəsini asanlıqla qazandı. Nə komanda yoldaşı Serxio Peres, nə də “Ferrari” və “Mersedes” pilotları niderlandlıya müqavimət göstərə bildi. Peresin Leklerə çatmaq cəhdi isə uğursuz nəticələndi. Corc Rassell ilə Karlos Sayns podiuma yüksələ bilmədi. Lüis Hemilton son dövrələrdə dram yaşadı. Britaniyalı pilot sona bir neçə dövrə qalmış texniki problemlər üzündən yarışdan çəkilməli oldu. Hemilton karyerasında ilk dəfə mövsümü poulsuz və qələbəsiz bitirdi. Yeddiqat dünya çempionu fasilədə gələcəyi ilə bağlı çox düşünməli olacaq.