“Valensiya”nın yeni baş məşqçisi müəyyənləşib. İspaniya klubuna tanış mütəxəssis təyinat alıb.
Football-plus.az xəbər verir ki, komandanı bundan sonra Ruben Baraxa çalışdıracaq. O, bir neçə gün əvvəl istefaya göndərilən Cennaro Qattuzonu əvəzləyib. Baraxanın sonuncu iş yeri 2020-ci ildə başçılıq etdiyi “Saraqosa” olub. O, daha əvvəl İspaniyada “Elçe”, “Rayo Valyekano”, “Sportinq” və “Tenerife”yə başçılıq edib. Məşqçilik karyerasına 2011-ci ildə “Atletiko”da köməkçi-məşqçi kimi başlayan Baraxa 2013-15-ci illərdə “Valensiya”nın yeniyetmələrdən ibarət komandasını, 2013-cü ildə isə müvəqqəti bu klubun əsas komandasını çalışdırıb.
47 yaşlı sabiq yarımmüdafiəçi futbolçu karyerasının 10 ilini (2000-10) “Valensiya”da keçirib. Komanda ilə iki dəfə La Liqanın qalibi olub, ölkə kubokunu qazanıb. Baraxanın UEFA kuboku və Avropa Superkubokunun qalibi olduğunu da bildirək.