Bir neçə gün əvvəl Avropa Superliqasının yeni formatı ilə bağlı məlumat yayılmışdı. Layihəni dəstəkləyən “A22 Sports Management” şirkəti hələ ki kağız üzərində olan turnirin təşkili üzrə yeni formulun əsas detallarını açıqlamışdı.
Qısaca xatırladaq ki, Superliqa artıq qapalı turnir sayılmır.
Təşkilatçılar yarışda daimi üzvlərin olmayacağına, təxminən 60-80 iştirakçı komandadan ən azı 3 divizion yaradılacağına qərar veriblər. Superliqaya bir müddət əvvəl elan edildiyi kimi, 2024/25 mövsümündən start verilməsi nəzərdə tutulur. Amma çox güman, reallaşsa belə, bu yarışda İngiltərə klubları çıxış etməyəcəklər. Bu ölkənin yüksək liqasının 20 klubunun təmsilçiləri Londonda görüş keçiriblər. Premyer- Liqanın prezidenti Riçard Masters ümumi yığıncağın iştirakçılarını Superliqanın yeni layihəsinin detalları ilə tanış edib. Yerli mənbələr bütün klubların premyer-liqada çıxışa üstünlük verdiyini və Superliqanın yeni layihəsində iştirak etməyəcəyini vurğulayıb. Hətta klublardan birinin nümayəndəsi yeni formatın anonsunu “boş söhbət” adlandırıb.