Qarşılaşmadan bir gün əvvəl və dünən Qəbələyə qar yağsa da, meydanın durumu ideal səviyyədə idi.
Qeyd edək ki, oyun başladığı vaxt termometr havanın -3 dərəcə olduğunu göstərirdi. Havanın şaxtalı olması azarkeş sayına da təsirsiz ötüşməmişdi. Tribunalar, demək olar ki, boş qalmışdı.
Komandalar oyuna kəşfiyyatsız başladı. Meydan sahibləri ilk dəqiqələrdən müəyyən ərazi üstünlüyünə yiyələnsə də, “ağ-qaralar” da boş dayanmırdı. Ümumiyyətlə, qolsuz keçən görüşün ilk yarısında hər iki komandanın fərqlənmək imkanı olsa da, “qırmızı-qaralar”ın hücumları daha yaddaqalan və kəsərli alınırdı.
Brkiç iki dəfə “çərçivə”ni buraxıb irəli çıxdı ki, bunun birində Rafael onu cəzalandırmağa yaxın oldu. Ancaq braziliyalı bir qədər gec qərar verdiyindən “Neftçi”nin müdafiəçisi zərbənin qarşısını aldı. 38-ci dəqiqədə Lebonun ötürməsindən sonra Azər Əliyev əla fürsəti boşa verdi. “7” nömrə yaxın küncü nişan almağa çalışsa da, top toru yandan silkələdi. İlk yarının əsas vaxtına əlavə olunan dəqiqədə isə Emin diqqət mərkəzinə düşdü. Qonaqların kapitanının başla zərbəsinə Səlahət çətinliklə olsa da, barmaqlarının ucu ilə reaksiya verdi. Tirdən qayıdan ”mərmi”ni isə müdafiəçilər uzaqlaşdıra bildi.
İkinci hissə də meydan sahiblərinin hücumları ilə başladı. Topa nəzarət edən “qırmızı-qaralar”, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdi. Vəziyyəti dəyişmək istəyən Baxşıyev ikili əvəzetməyə əl atdı. Rövlanla Ülvi, uyğun olaraq, Rafaellə Omarın əvəzinə meydana çıxdı.
Elmar bəyin əvəzetmələri 67-ci dəqiqədə özünü doğrulda bilərdi. Urfanın qapı önünə asmasını Rövlan başla tamamlasa da, dirək qola mane oldu. Qayıdan top Ülvinin qarşısına düşüncə, tribunalara toplaşanlar hesabın açılacağı ümidi ilə ayağa durdu. Ancaq İsgəndərov yaxın məsafədən “çərçivə”ni dəqiq nişan ala bilmədi.
3 dəqiqə sonra qəbələli azarkeşlər növbəti dəfə məyus oldu. Baş hakim Höccətin Rövlana qarşı qayda pozuntusuna yol verdiyini düşünüb “nöqtə”ni göstərdi. Ancaq VAR-dan gələn siqnaldan sonra monitora baxan Hacıyev qərarını dəyişdi.
Qarşılaşmanın son 10 dəqiqəsində isə üstünlük qonaqların tərəfində oldu. “Qəbələ”nin “oyundan qopduğunu” görən “ağ-qaralar” qələbə üçün böyük qüvvə ilə irəli atıldı. Lakin Regekampfın yetirmələri də vəziyyəti dəyişə bilmədi və oyun heç-heçə başa çatdı.
* “Neftçi”nin azarkeşlərini gətirən avtobus saat 14.17-də Qəbələ şəhər stadionuna daxil oldu. Polislər bakılıları qarşılayaraq, onlar üçün nəzərdə tutulan qapıarxası tribunaya yönəltdi.
* Hakimin start fitindən öncə Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə görə birdəqiqəlik sükut elan olundu. Komandalar isə meydana üzərinə “Sizinləyik, Türkiyə, acınız acımızdı” yazılan pankartla çıxdı.
* Fasilədə “Zirə” ilə matçda “Qəbələ”nin heyətində 100-cü oyunu keçirən Ülvi İsgəndərova kürəyində “100” yazılan forma hədiyyə olundu.
* Qəbələyə gələn “Forza Neftçi”nin üzvləri yerli azarkeşlərdən daha fəal idi. Onlar dayanmadan komandanı irəli səsləyirdi. “Red Black Army” isə nədənsə susqun görünürdü. Yerli fanatların yalnız bir dəfə səsi eşidildi. Onda da “1, 2, 3, 4, 5, 6, 7, 8” qışqıran fanatlar 2016-cı ildə keçirilən və “Qəbələ”nin “Neftçi”ni 8:0 hesabı ilə yendiyi matçı bakılıların yadına saldılar. Paytaxtdan gələn fanatlar isə bu mesaja qeyri-etik şüarla cavab verdi.
RƏŞAD