Alfred Sxroyder artıq “Ayaks”ı çalışdırmır. Rəhbərlik baş məşqçini istefaya göndərib.
Ötən mövsüm “Brügge”ni Belçika çempionluğuna daşıyan niderlandlı mütəxəssis Amsterdam klubuna 2022-ci il iyulun 1-də təyinat almışdı. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 25 oyun keçirib, 12 qələbə qazanıb, 6 heç-heçə edib, 7 dəfə məğlub olub. Hazırda ölkə çempionatında 18 oyuna 34 xalla 5-ci yeri tutan “Ayaks” lider “Feyenoord”dan 7 xal geri qalır.
Cümə axşamı “Volendam”a qarşı keçirilən çempionat oyunu (1:1) rəhbərliyin “səbir kasasını daşırıb”. Autsayderlər qrupundakı rəqibi evdə məğlub edə bilməyən paytaxt komandası ardıcıl 5-ci dəfə heç-heçəyə razılaşıb. Erediviziyada son 7 oyunda qələbə üzü görməyən “Ayaks” 1965-ci ildəki ən uğursuz seriyasını təkrarlayıb.