“Barselona”nın qadınlardan ibarət komandası yerli liqada qələbələrdən doymur.
Kataloniyalılar bu dəfə “Las Planas”ı 7:0 hesabı ilə məğlub ediblər. Onlar İspaniya çempionatında ardıcıl 50-ci qələbəni qazanıblar. “Barselona” yerli liqanın tarixində (həm kişi, həm qadın futbolu) bunu bacaran ilk komanda olub. Maraq üçün kataloniyalıların qadınlardan ibarət komandasının sonuncu dəfə 2021-ci ilin iyununda “Atletiko”ya 3:4 hesabı ilə uduzduğunu bildirək.
Onu da qeyd edək ki, “Barselona” 50 matçlıq qələbə seriyasında 247 qol vurub və cəmi 19 top buraxıb. Komanda 32 oyunda qapısını toxunulmaz saxlayıb.