Kriştiano Ronaldo hələ ki yeni klubunda rəsmi oyunda qol hesabını aça bilməyib. O, “Əl-Nəssr”in formasında keçirdiyi ikinci rəsmi matçda ilk məğlubiyyətin acısını yaşayıb.
Bu klubda rəsmi debütü Səudiyyə Ərəbistanı çempionatının yanvarın 22-də keçirilən “Əl-İttifaq”la oyununa təsadüf edən məşhur portuqaliyalı futbolçu 1:0 hesablı qələbəyə sevinmişdi. Ər-Riyad klubu ölkə superkuboku uğrunda yarımfinal oyununda uğursuz nəticə göstərib. Paytaxt komandası bu mərhələdə “Əl-İttihad”a 1:3 hesabı ilə məğlub olub. “Əl-İttihad” finalda “Əl-Feyha” ilə qarşılaşacaq.
Superkubok matçında meydana start heyətində daxil olan və sonadək mübarizə aparan Ronaldonun arzuolunmaz vəziyyətə düşdüyünü də qeyd edək. O, az qala topa hər toxunuş edərkən və “Əl-İttihad”ın azarkeşlərinin olduğu tribunaya yaxınlaşarkən onların “Messi, Messi” şüarı ilə qarşılaşıb. Kriştianonun komandası növbəti oyununu çempionatda fevralın 3-də “Əl-Fateh”ə qarşı keçirəcək.
Yeri gəlmişkən, klubu Kriştianoya saat hədiyyə edib. Saat “Jacob & Co” markasına məxsusdu. Ağ qızıldan hazırlanmış və sırf 37 yaşlı Ronaldo üçün istehsal edilən saatda 389 ədəd nadir qiymətli daş var. Bu hədiyyənin dəyəri isə 630 min funt sterlinqdi.
Azarkeşlər Ronaldoya Messini xatırlatdılar
Dünya futbolu



