“Nyukasl” bir il ərzində inanılmazı bacarıb: Qeyri-adi yüksəliş yolu

28.01.2023 17:36 256
Dünya futbolu / Manşet
“Nyukasl”ın baş məşqçisi Eddi Hau dekabrın sonunda belə demişdi: “Hər şey öz əlimizdədi. Şübhə etmirəm ki, mövsümün 2-ci hissəsi çətin olacaq, ancaq bu normaldı. Özümüzə inanırıq və çağırışı qəbul etməyə hazırıq”.

Football-plus.az xəbər verir ki, “Nyukasl” həqiqətət də inkişafın yeni mərhələsinə keçməyə hazırdı – premyer-liqada 3-cü pillədə qərarlaşıb, sürət yığan MY ilə başabaş mübarizə aparır. Bir neçə statistik məqam əsasında komandanın cari mövsümdə necə inamlı təsir bağışladığını görə bilərsiz.

1. “Kristal Pelas”la son 0:0-ı da nəzərə alsaq, “Nyukasl” premyer-liqanın ardıcıl 6 oyununda qol buraxmayıb. “Sağsağanlar”ın qapısına çempionatda sonuncu dəfə noyabrın 6-da “Sauthempton” yol tapıb.

2. Daha bir təəccübləndirən məqam odu ki, “Nyukasl” cari mövsümdə yalnız iki dəfə hansısa oyunda 1-dən artıq qol buraxıb, özü də mövsümün əvvəlində - “Mançester Siti” (3:3) və “Liverpul” (1:2) ilə avqust oyunlarında. Hər kəsi yolundan kənara atan “Arsenal”dan isə qol buraxmayıblar.

3. “Nyukasl” artıq 15 oyundu premyer-liqada uduzmur – bu, klub tarixinin rekordudu. Avqustun sonunda “Liverpul”dan alınan məğlubiyyətdən bəri 9 qələbə və 6 heç-heçə var.

4. “Nyukasl” premyer-liqada sonuncu dəfə sentyabrın ortalarında hansısa oyunun gedişində geri düşüb. “Brayton”la həmin oyun 1:1 bitib. Komandanın ilk yarıda qol buraxması isə avqustun sonuna aiddi (“Vulverhempton” – 1:1).

5. Müdafiədə səhvsiz oyun “sağsağanlar”ın uğurlarının əsas açarıdı. Mövsüm artıq yarılanıb, komanda isə hamıdan az – 11 top buraxıb. Halbuki “sağsağanlar” ötən mövsümün ilk 4 oyununda qapısında bu qədər qol görmüşdü.

6. Top fərqi də sevindiricidi: +22. Komandanın premyer-liqada sonuncu dəfə müsbət top fərqi 2013/14 mövsümünə aiddi. Ancaq onda da buraxılandan yalnız 5 top artıq vurmuşdular.

7. Ötən mövsümlər kontekstində vacib detal: “Nyukasl” artıq elitada yerini, demək olar ki, təmin edib. Komandanın indi hesabında olan 39 xalla 2010/11 mövsümündən bəri heç kim çempionşipə yuvarlanmayıb.

8. Daha bir ümidverici əlamət: 1995/96 mövsümündən bəri mövsümün ortasında ilk “4-lük”də qərarlaşan komandaların 89 faizi finişə də həmin mövqedə çatıb. Yalnız 6 faizi ilk 6 komanda sırasını tərk edib.

9. Tərəqqinin daha bir vacib amili qapıçı Nik Poupdu. İngiltərəli qapıçı inamla “Qızıl əlcəy”ə doğru gedir – artıq premyer-liqada 12 “quru” oyun keçirib. Sonrakı pillədə 9 belə oyunla Aaron Remsdeyl (Arsenal) qərarlaşıb. Son 10 ildə qapıçılar üçün əsas mükafat yalnız “top-6” klublarının kiperlərinə qismət olub. Poup bu ənənəni qıra bilər.

10. Bonus detalı: komandanın öz talismanı var – müdafiəçi Sven Borman. Onun meydanda olduğu 17 oyunun heç birində “sağsağanlar” uduzmayıb.
Sonda yenə Haunun fikirlərinə müraciət edək. Baş məşqçi “Fulhem” üzərindəki qələbədən sonra belə dedi:

“Mövsümün əvvəlindən “artırmağa” başlamışıq və proses hələ də davam edir. Komanda hələ böyüməlidi. Futbolçuların fədakarlığından, əməyindən çox razıyam”. Müdafiəçi Kiran Trippyer də Hau ilə həmfikirdi: “İndiki durumdan tam razıyıq. Mövsüm boyunca yorulmadan çalışırıq, ancaq hələ son nəticəyə çatmamışıq. Ayağımızı “qaz” pedalından götürə bilmərik, çünki premyer-liqa amansız çempionatdı. Gördüyümüz işi davam etdirməliyik”.


“Nyukasl” mövsümü ilk “3-lük”də və ya heç olmasa, “ÇL zonası”nda bitirsə, onda bu premyer-liqa tarixinin ən unudulmaz tərəqqilərindən biri olacaq.