“Turan”ın bombardiri oldu, tovuzluların çempionluğunu görmədi

21.01.2023 18:30 284
Premyer-liqa / Manşet
Qarabağ müharibəsinin sarsıntısı futboldan və futbol adamlarından da yan keçməyib.

Qanlı döyüşlərdə şəhid olan futbolçulardan biri də Vaqif Tağıyevdi. 1968-ci ilin məhz bu günündə - yanvarın 21-də Tovuz rayonunun Əlimərdanlı kəndində dünyaya gələn Vaqif 1993-cü ildə ölkə çempionatının 1-ci dəstəsində yarışan “Turan-2”nin aparıcı oyunçularından olub. Hüçumçu mövqeyində oynayıb, məhsuldarlığı ilə seçilib, Tovuz futbolunun statistikasından yaxşı xəbərdar olan Rasim Əliyevin bildirdiyinə görə, aşağı dəstədə bombardirlər yarışına başçılıq edib. Amma “Qarabağ” müharibəsi minlərlə azərbaycanlı kimi, onun də həyatını və arzularını yarımçıq qoyub. Həmin il oktyabrın 27-də hərbi xidmətə çağrılıb, 1994-cü il yanvarın 8-də şəhid olub. 4 ay sonra isə Tovuz klubu tarixində ilk və sonuncu dəfə çempionluğu bayram edib.

Vaxtilə “Turan”ın formasını geyən, indi isə “525-ci qəzet”də çalışan İlqar Tağıyevin xatirəsi:
"Turan"ın farm-klubu olan "Turan-2"yə yeni qoşulmuşdum. İndiki zamanla komandanın əvəzedicilərinə. Bir hücumçumuz var idi - Vaqif Tağıyev. Komandanın ağsaqqallarından idi. Həm də məşqçimiz Tahir müəllimin kiçik qardaşı idi. 1-ci divizionda çempionat yeni başlamışdı. Bir gün eşitdik ki, Vaqifi ordu sıralarına çağırıblar. Üstündən heç bir ay keçməmiş Vaqifin ölüm xəbərini aldıq. Səhv etmirəmsə, Kəlbəcər tərəfdə snayperlə vurulmuşdu”.