''Qalatasaray''da bu mövsüm yeni transferlərdən ümidləri doğrultmayan yalnız Haris Seferoviçdi.
İstanbul nəhəngi təcrübəli isveçrəli forvardı ötən yay ''Benfika''dan 1 milyon avroya 1 illik icarəyə götürmüşdü. Camiənin və fanatların onunla bağlı böyük ümidləri var idi. Seferoviç hazırlıq oyunlarında özünü yaxşı tərəfdən göstərərək hamını bir qədər də ümidləndirmişdi. Amma superliqanın başlaması ilə birlikdə 30 yaşlı futbolçuda ciddi eniş müşahidə olundu. Təsadüfi deyil ki, bu mövsüm o, superliqada 10 qarşılaşmada ümumilikdə 378 dəqiqə meydanda olsa da, nə qol vurub, nə də məhsuldar ötürmə verib! Müqayisə üçün bildirək ki, mövsümə 3-cü forvard statusunda başlayan 37 yaşlı Bafetimbi Qomis çempionatda 613 dəqiqəyə 8 qol vuraraq nəinki Seferoviçi, hətta Mauro İkardini də kölgədə qoyub. Baş məşqçi Okan Buruk üçün İkardi ilə Qomis mövsümün qalan hissəsində ilk 2 seçim olacaq. Bundan başqa hətta gənc Barış Alpər Yılmaz da son vaxtlar rotasiyada Seferoviçdən daha çox istifadə olunur. Yəni bu futbolçu faktiki olaraq hazırda komandada 4-cü hücumçu statusundadı. Ona görə də İsveçrə yığmasının üzvünün ayrılıq barədə düşünməsi və özünə yeni klub axtarması normaldı. Sadəcə həyat yoldaşının İstanbulu çox bəyənməsi və uşaqlarının təhsilini davam etdirməsi üzündən Seferoviç Türkiyədən ayrılmaq istəmir. O, məhz bu üzdən PAOK-un təklifini geri çevirdi. Türkiyədən isə ona 2 klubdan – ''Alanyaspor''la ''İstanbul BŞ''dən təklif gəlib. Futbolçunun meneceri artıq başakşəhərlilərlə ilkin anlaşma əldə edib. Qalıb yalnız klublar arasında anlaşma. Sonda bir sürpriz yaşanmasa, Seferoviç qarşıdakı günlərdə ''İstanbul BŞ''nin oyunçusunu çevriləcək. Bu futbolçunun ümumilikdə ''Qalatasaray''da 13 rəsmi oyuna 2 qol vurduğunu bildirək. O, hər iki qolu Türkiyə kubokunda vurub.