"Zaqatala" yanvarın 6-da toplanışa start verib.
Football-plus.az xəbər verir ki, komanda doğma şəhərdə məşq etməklə 2-ci dövrəyə hazırlaşır. Yenilikləri öyrənmək üçün baş məşqçi Rüstəm Məmmədovla əlaqə saxladıqda problemlə üzləşdikləri məlum oldu:
“Əsas çətinliyimiz yoxlama matçları üçün rəqib tapa bilməməyimizdi. Hələ ki "Kəpəz-2" ilə yanvarın 24-də oynayacağımız dəqiqdi. Bizə ən yaxın rayon Qəbələdi. "Qırmızı-qaralar"ın əvəzediciləriylə oynamaq istəsək də, hazırda bu çətin görünür. Səbəb "Qəbələ-2"nin oyunçularının bir qisminin əsas komanda ilə Türkiyədə olmasıdı. Qalanlar isə klubun U-19 komansında çıxış edir. 3-4 günə U-19-ların çempionatı başlayır deyə, yoxlama oyununun keçirilməsi alınmır. "Mingəçevir"lə də danışıq apardıq, amma onların stadionunda qazonun durumu bərbad olduğundan qarşılaşa bilməyəcəyik. Çünki futbolçularımız ciddi zədə ala bilər. Zaqatalaya gəlmələrini təklif etsək də, maliyyə çətinliyi olduğundan imtina etdilər. Qalır Bakı klubları, buna da bizim imkanımız mane olur. Çünki həmin komandalarla oynamaq üçün paytaxda getməli, matç keçirməli, bir gün də şəhərdə qalmalı, oyunçuları yeməklə təmin etməliyik. Amma yenə də ümidimizi itirmirik. "Qəbələ-2"nin heyəti tam bir araya gəlsə, onlarla matçımız baş tutacaq”.
Təcrübəli mütəxəssia transferlər haqda da danışdı:
"Hazırda 3 transfer həyata keçirmişik. Ən uğurlu transferimiz "Şamaxı"dan ayrılan Bəhruz Teymurovdu. Onun az-çox premyer-liqa təcrübəsi var. "Sabah"dan Yelmar Aşurovu da heyətə cəlb etmişik. Gənc futbolçu ötən mövsüm əvəzedici heyətdə çıxış edib. Son 6 ayda isə oynamayıb. Buna səbəb həm "Sabah-2"nin cari mövsümdə 1-ci divizinoda çıxış etməməsi, həm də onun xarici komandaya keçidinin baş tutmamasıdı. Üçüncü transferimiz ötən il "Neftçi"nin U-19 komandasında oynayan Cavid Həşimovdu. Danışıq apardığımız futbolçular da var. Amma hələ ki razılığa gələ bilməmişik".
ABDULLA İSMAYILOĞLU