“Tebas klubumuzun əleyhinə çıxış edir” - “Real”la La Liqanın prezidenti arasındakı münasibətlər gərginləşib

5.10.2026 20:30 36
Dünya futbolu
İspaniya çempionatının 7-ci turunda “Atletiko”ya 1:2 uduzan “Real”ın təmsilçiləri oyundan sonra hakimlikldən kəskin narazılığını gizlətmədi. La Liqanın prezidenti Xavyer Tebas da bu məqama diqqət yetirdi və “kral klubu”nun tənqidinə məruz qaldı.
Savaşın üç raundu
“Real”la Tebas arasında budəfəki münaqişənin əsası sonuncunun X sosial şəbəkəsində yer alan paylaşımından sonra qoyuldu. Tebas komandanın uğursuzluqlarına görə daim hakimləri günahlandıran klub telekanalına diqqəti yönəltdi: “Sentyabr hələ bitməyib, ancaq onlar indidən çempionatı dürüst olmayan elan edir. Sağlam təfəkkürə malik olan heç bir adam bu əbədi bəhanəyə inanmır”.
Bir neçə saat sonra prezidentə cavab verildi. “Real” rəsmi saytında bəyanat yayaraq Tebası istefaya çağırdı: “Çempionata bu vəzifənin mahiyyətini dərk edən bir şəxs lazımdı. Prezident turnirin sahibi deyil, əksinə, onu təşkil edən klublara xidmət edən bir idarəçidi. Bizə məhz bu missiyanı yerinə yetirəcək bir şəxs lazımdı”.
Klubda həmçinin Tebasın madridlilərə hədsiz diqqət göstərməsindən narazıdılar: “O, bizim əleyhimizə çıxış edir, hətta idman strategiyamızı qiymətləndirməyə qədər gedib çıxır. Bu, tam yersiz və məsuliyyətsiz bir hərəkətdi”.
Əlbəttə, “müharibə” bununla bitmədi. Tebas Madrid klubunun rəsmi bəyanatına ildırım sürəti ilə cavab verdi: “Onlar məndən yarışın qərəzsizliyinə olan inamın möhkəmləndirilməsinə kömək etməyimi tələb edirlər. Məhz buna görə də mən hakimlərin "Real”a münasibətdə qərəzli olması haqqındakı narrativi rədd edirəm. Hakimin qərarını tənqid etmək təbii haldı, lakin hər hansı ədalətsizlik faktını kluba qarşı aparılan kampaniyanın sübutu kimi təqdim etmək tam başqa məsələdi. Onlar neytrallıqla müstəqilliyi səhv salırlar".
İndi bizə qarşıdurmanın növbəti səhnələrini gözləmək qalır. Bəzən hətta adam heyifsilənir ki, yığmaların oyunlarına görə çempionatda yaranan fasilə bu məqamda heç yerinə düşmədi...
Hakimlər haqsızdı?
“Atletiko” – “Real” oyunu həqiqətən də qalmaqalla müşayiət olundu. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qonaqlar həm penalti ilə cəzalandı, həm də qırmızı vərəqə aldı. Müdafiəçi Din Höysen cərimə meydançasında heç də yaxşı oynamadı. Bundan başqa, referi Migel Ortis Arias bir neçə dəfə “hindular”ı bağışladı.
Joze Mourinyo oyunsonrası mətbuat konfransına iki mübahisəli vəziyyətdən çəkilən şəkillərlə gəldi. Söhbət Kristian Romeronun 35-ci dəqiqədə Cud Bellingemə və düz fasilə ərəfəsində Li Kan İnin Federiko Valverdeyə qarşı kobudluğundan gedir. Portuqaliyalı mütəxəssis belə dedi: “Mətbuat konfransı üçün vaxta qənaət etmək olar, ona görə ki, oyunun bütün məzmunu burdadı. Burda iki qırmızı vərəqə var”.
İspaniya Kral Futbol Federasiyasının Texniki hakimlər komitəsi də Li Kan İnin meydandan qovulmağı haqq etdiyini etiraf etdi. Tebas isə oyundan sonra bunları dedi: “Mən iradları qəbul edirəm, ancaq onların səsləndirdiyi şəkildə yox. “Real” bu mübahisəli məqamlar üzündən uduzmadı”.
Əlbəttə, “ağ şimşəklər” funksionerin belə yanaşması ilə razılaşmadı. Və ardından təfərrüatını çatdırdığımız “müharibə” başladı.