"Meydanda daha ciddi nüfuza malik baş hakim olmalı idi" - Fariz Yusifov Həmzəzadədə hansı səhvi tapdı?

5.10.2026 23:59 225
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, "Tofiq Bəhramov"da keçirilən "Turan Tovuz" - "Fənərbaxça" yoldaşlıq oyunu həm də xoşagəlməz hadisə ilə yadda qaldı.

Belə ki, 33-cü dəqiqədə Roderik Millerə qarşı kobudluq üzündən qırmızı vərəqə alan Meyson Qrinvudun yerinə meydana Adnan Efe Fəttahoğlu çıxdı. Ancaq buna qədər oyunun baş hakimi Rəvan Həmzəzadənin qərarı "sarı-lacıvərdlilər"in futbolçusu Matteo Gunduzinin ciddi narazılığına səbəb oldu. Hətta fransız oyunçu komandanı meydandan çıxarmağa cəhd etdi!

Bəs, Rəvan bəyin bu oyundakı idarəçiliyini necə dəyərləndirmək olar? Ədalət təmsilçisi məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildimi?

Bu suallarla sabiq FİFA referisi Fariz Yusifova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Əvvəl onu deyim ki, belə nəhəng komandanı ölkəmizə gətirmək böyük işdi. Bu səbəbdən, "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevə təşəkkür edirəm. Hakimliyə gəlincə, sadəcə, tövsiyə xarakterli onu deyə bilərəm ki, bu cür oyunları ya FİFA referilərimiz, ya da qonşu ölkələrdən dəvət edilən hakimlərdən biri idarə etsə, daha yaxşı olardı. Onsuz da milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranıb. Bununla belə, oyun Bakıda keçirilsə də, tribunaların yarısı "Fənərbaxça"nı dəstəkləyirdi. Normal haldı, belə nəhəng kollektivlərin azarkeşləri çoxdu. Üstəlik, böyük komandalar hakimlərin hər qərarına etiraz edə bilirlər. Belə hallara öyrəşmişik. Odu ki, meydanda daha ciddi nüfuza malik hakim olmalı idi. Gunduzi Rəvan Həmzəzadənin düzgün qərarına rəğmən, komandanı meydandan çıxarmağa çalışdı. Elə bil rəhbər odu... Rəvan Həmzəzadə bu yükün altından çıxmaq üçün əlindən gələni etdi, özünü yaxşı tərəfdən göstərmək istədi. Ancaq daha diplomatik davranmalı idi. Epizodlara daha yaxın olmalı, özünü futbolçulara əsl hakim kimi qəbul etdirməli idi. Təəssüf ki, bu baxımdan bir qədər çatışmazlıq hiss olundu. Yeri gəlmişkən, sonda millimizi Litva üzərində qazanılan qələbə münasibəti ilə təbrik edirəm".

Xatırladaq ki, sözügedən matç İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

KƏNAN BAHADIR