Misli premyer-liqasında milli komandaların oyunları ilə bağlı fasilə davam edir.
Məlumdu ki, hazırda əsas yığmaya çağrılan yerli futbolçular komandanı Millətlər Liqasının D liqasında qrup qalibi etməyə çalışmalıdı. Ancaq bu yazı vasitəsilə sizi millidən bir qədər yayındırmaq niyyətindəyik. Axı bu ərəfədə həm də premyer-liqanı xatırlamaqda fayda var. Sadəcə, mövzudan kənara çıxmadan.
Belə ki, məqsəd premyer-liqanın ilk 6 turunda komandalarına ən çox fayda verən oyunçulardan bəhs etməkdi. Aşağıda həmin adlarla və seçimlərimizin səbəbi ilə tanış olacaqsız. Lakin əvvəl bizi təəssüfləndirən vacib məqamı sizinlə də bölüşək. Siyahını tərtib edərkən ciddi çətinliklə üzləşmədik. Çünki seçim imkanımız geniş olmadı. Bəli, yerli futbolçuların xidmətindən daha çox aşağı sıralarda qərarlaşan, maliyyə dayaqları möhkəm olmayan komandalar faydalanır. İş ondadı ki, həmin oyunçular özlərini yaxşı tərəfdən göstərə bilmir. İntizamsız oyun sərgiləyən futbolçular həm də keyfiyyət baxımından xeyli geridədi. Ən yaxşı yerli oyunçular isə təbii ki, aparıcı klubların formasını geyir. Düzdü, siyahıda “Qarabağ”ın hansısa futbolçusu yer almayıb. Bəlkə də Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev zədəli olmasaydı, fərqli mənzərəyə şahidlik edərdik. Musa Qurbanlı isə nəinki hücumçu kimi vəzifəsini icra etməkdə, əsas heyətdə möhkəmlənməkdə belə çətinlik çəkir. İndi sözümüzün canına keçid ala bilərik.
Emin Mahmudov (Neftçi). Zirvədə 34 yaşlı yarımmüdafiəçinin qərarlaşması təsadüfi deyil. Çünki onun kapitanı olduğu “Neftçi” də liderdi. Emin cari mövsümdə 6 oyunun 5-də start heyətində yer alıb, 1-də isə sonradan meydana çıxıb. Bu matçlarda cəmi 318 dəqiqə tər tökən oyunçu 2 məhsuldar ötürməyə imza atıb. Heç şübhəsiz, “ağ-qaralar”ın fasiləyə birinci sırada yollanmasında Eminin liderlik xüsusiyyətlərinin böyük rolu var. Axı təcrübəli yarımmüdafiəçi təkcə özünün yox, həm də komanda yoldaşlarının yaxşı performans sərgiləməsi üçün müvafiq tapşırıqlar verməkdə, hadisələrin axarını nəzarətdə saxlamaqda ustalaşıb.
Rüfət Abbasov (Neftçi). Yayda “Şamaxı”dan yetirməsi olduğu “Neftçi”yə qayıdan müdafiəçini bu qərara görə qınayanlar var idi. Çünki hələ 21 yaşı olan futbolçunun heyəti legionerlərlə zəngin paytaxt təmsilçisində özünə yer tapmayacağı proqnozlaşdırılırdı. Ancaq Rüfət hər kəsi yaxşı mənada təəccübləndirməyi bacardı. İlk 6 oyunun hamısında start heyətində şans qazanan futbolçu bir matçda 86 dəqiqə, qalanlarında isə əvvəldən sonadək top qovub. Bu görüşlərdə 536 dəqiqə meydanda olan Rüfət həmin vaxtı boşa verməyib. Daha dəqiqi, 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Tellur Mütəllimov (Sabah). Komandasının kapitanlarından biri olan müdafiəçi təcrübəsindən yararlanmaqda mahirdi. Universual futbolçu olduğundan baş məşqçi Valdas Dambrauskasın işinə xeyli yarayır desək, yanılmarıq. O, arxa xətdə daim diqqətli və ayığ-sayıqdı. 5 oyunun 4-də meydana çıxan Tellur bu matçlarda 328 dəqiqə meydanda olub. “Sabah” hələ onun meydanda olduğu vaxtda qapısında top görməyib. Yəni litvalı mütəxəssisin Tellura Eyden Makkartidən daha çox güvənməsi səbəbsiz deyil. O başqa məsələ ki, Mütəllimov məhsuldar hərəkətə imza ata bilməyib. Hər halda, onu bağışlamaq olar. Axı xatırlayırsızsa, “bayquşlar”ı Çempionlar Liqasının liqa mərhələsinə aparan həlledici qolun müəllifi məhz Tellur olmuşdu.
Qismət Alıyev (Zirə). Etiraf edək ki, 5-ci sırada qərarlaşan “Zirə”nin kapitanı milliyə dəvət ala bilərdi. Sadəcə, Ayxan Abbasov hansısa səbəbdən Qismətə milli formanı rəva bilmədi. Bu düşüncədə olmağımızın səbəbi isə futbolçunun yeni mövsümdəki performansıdı. Belə ki, 31 yaşlı yarımmüdafiəçi 6 oyunun 4-də start heyətində yer alıb, 2-də isə sonradan meydana daxil olub. Qismət bu qarşılaşmalarda 392 dəqiqə meydanda olub. İntizamlı oyunu ilə diqqəti çəkən kapitan 1 qola imza atıb.
Edqar Adilxanov (Şamaxı). “Şirlər”in bacarıqlı “10 nömrə”si bu siyahıdan kənarda qala bilməzdi. Komandanın yayda böyük ölçüdə yeniləndiyi bəllidi. Ancaq Edqar köklü dəyişikliklərə rəğmən, uyğunlaşma problemi ilə üzləşmədi. Belə əhəmiyyətli prosesin qısa müddətdə öhdəsindən gələn müdafiəçi 6 oyunun hamısında start heyətində olub. 21 yaşlı oyunçu bu qarşılaşmalarda 438 dəqiqə forma geyib. Edqar bu müddətdə 2 qol, 1 məhsuldar ötümə müəllifi olub.
KƏNAN BAHADIR
Premyer-liqada ilk 6 turun ən yaxşı beş yerli futbolçusu kimdi? - TƏHLİL
Ölkə futbolu / Manşet






