Türkiyədə HK sədri həbs olundu - superliqanın qarşıdakı turu təxirə salına bilər

5.10.2026 22:29 153
Dünya futbolu
Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsinin sədri Fərhat Gündoğdu da daxil olmaqla bu komitə ilə əlaqəli olan ümumilikdə 7 nəfərin saxlanıldığını xəbər vermişdik. Saxlanıldıqdan sonra sosial şəbəkələrdə komitə sədrinin səs yazısı da yayılmışdı. Onun həmin səs yazısında FİFA statuslu yan xətt hakimi Kərəm Ərsoyu açıq-aşkar təhdid etməsi müzakirələrə səbəb olmuşdu.

İfadələrinin alınması prosesi başa çatdırılan saxlanılanların aqibəti bəlli olub. İstanbul Cümhuriyyət Baş Prokurorluğunun qərarı ilə Fərhat Gündoğdu, Fəal Hakimlər Dərnəyinin sədri Fərdi Karadoruk, HK-nın sabiq rəsmisi Yunus Yıldırım, Hakimlər və Hakim İnspektorlar Dərnəyinin İstanbul şöbəsinin təşkilat məsələləri üzrə rəsmisi Alican Sağlar və həmin dərnəyin sədri Emre Kosif həbs ediliblər! Onlar komitə ilə bağlı sənədləri və imtahanın cavablarını dəyişdirməkdə, mobbinqdə, vəzifədən sui-istifadədə və gizli məlumatları qeyri-qanuni şəkildə elə keçirməkdə günahlandırılırlar. HK-nın sabiq başqan vəkili Ahmet Şahin və bölgələr üzrə hakimlərə cavabdeh yönətici Sebahattin Şahin isə hər gün imza atmaları və ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıblar. Bundan başqa son illərdə ən çox derbi idarə edən hakim olan Yasin Kol ilə yan xətt hakimi Göktuğ Hazar Erel ifadə verməkdə davam edir.

Maraqlıdı ki, HK sədri Fərhat Gündoğdu bu boyda qalmaqala rəğmən hələ də rəsmi olaraq istefa verməyib! Bu həngamənin ardından superliqada qarşıdakı turun təxirə salına biləcəyi ilə bağlı iddialar baş qaldırıb.

Xatırladaq ki, 7-ci turun yığma fasiləsindən dərhal sonra oktyabrın 9-12-də oynanılması nəzərdə tutulub. Bu arada oktyabrın 6-da federasiyanın idarə heyətinin toplantısı baş tutacaq. Qarşıdakı turun təxirə salınıb-salınmaması məsələsinə məhz həmin toplantıda aydınlıq gələcək.