Dekabrın sonlarında “Fatih Karagümrük”dən ayrılaraq 4 illik Türkiyə macərasını başa vuran və çempionşip təmsilçisi “Uiqan”la 6 aylıq müqavilə imzalayan Stiven Koker İngiltərə mətbuatına diqqətçəkən açıqlamalar verib.
Qeyd edək ki, 2019-dan Türkiyədə oynayan 31 yaşlı ingiltərəli müdafiəçi “Fatih Karagümrük”dən başqa “Alanyaspor”, “Fənərbaxça” və “Qaziantep”in şərəfini qoruyub. “Fənər”də yaşadıqları ilə bağlı səmimi etiraflar edən Koker bunları deyib:
“2019-da “Alanyaspor” məni yoxlamaq üçün məşqlərə dəvət etdi. Həmin vaxt 5 ay idi klubsuz idim və yalnız evimin yaxınlığında yerləşən yaşıllıqda fərdi məşq edirdim. Keçmişdə spirtli içki aludəçisi olduğumdan Avropa klubları mənə yaxın durmaq istəmirdi. Amma türklər fərqli davrandı. Onlar mənim keçmişimə əhəmiyyət vermədi. 10 günlük məşqlərin ardından “Alanyaspor”la müqavilə imzaladım və sonrakı iki ildə 85 rəsmi oyuna çıxdım. “Alanyaspor” klub tarixinin ən uğurlu dönəmini keçirərək əvvəlcə ilk “5-liy”ə düşdü, sonra da kubokun finalına yüksəldi. Mən də mövsümün rəmzi yığmasına seçildim. Hətta AL-də təsnifat mərhələsində oynamaq şansı qazandım. Həyat mənim üçün gözəl şəkildə davam edirdi. Spirtli içkidən tam qurtulmuşdum. Gözəl mənzərəli bir evdə yaşayırdım. Amma mən daha artığını istədim! Türkiyənin ən böyük klublarından biri olan “Fənərbaxça” ilə müqavilə imzaladım. Xəyallarımda Məsut Özilin asmasından sonra ön dirəkdə başla qol vururdum... Hətta müqavilə imzaladıqdan sonra türk dilində 10 dəqiqəlik bir müsahibə də verdim. Sanki nağıllar aləmində idim. Amma müqavilə imzaladıqdan sonra komandanın başına Vitor Pereyra gətirildi və bununla da qara günlərim başladı. Heç bir ciddi səbəb göstərmədən birdən-birə ona lazım oladığımı və məni komandada görmək istəmədiyini söylədi. Sonra da məni icarə əsasında başqa kluba göndərənə qədər 2 ay ərzində aşağıladı! Həmin gündən bu yana ilyarımlıq müddət mənim üçün çox çətin keçdi. Bu dönəmin çoxunu “Fənərbaxça”nı seçdiyimə görə özümə əsəbləşərək keçirdim. Sonrakı yanlış qərarım isə həmin yay Türkiyədə qalmağım oldu. Halbuki artıq Türkiyə karyeramın başa çatdığını anlamalıydım. Bəzi peşmanlıqlarım var. Məsələn, məni ciddi qəbul etməyən insanlara hələ də dəyərli olduğumu sübut etməyə çalışdım. Buna görə çox peşmanam. Bütün oyunçulara məsləhət görürəm ki, yeni kluba keçməmişdən öncə orda məşqçi tərəfindən istənildiklərinə əmin olsunlar”.
Qeyd edək ki, 2021-in yayında “Fənər”ə keçdikdən sonra bir rəsmi oyuna belə çıxmadan klubdan ayrılmaq məcburiyyətində qalan Koker həmin mövsümü icarə əsasında “Qaziantep”də keçirdi.