Kriştiano Ronaldo artıq bir neçə gündü Avropada ikinci dövrəyə hazırlaşır.
Problem ondadı ki, ulduz futbolçu hələ ki heç bir klubla anlaşmayıb.
“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand DÇ-2022-də 1/4 finalda mübarizəni dayandıran Portuqaliya millisinin kapitanı ilə söhbətinin təfərrüatlarını açıqlayıb. O, “Daily Express”ə müsahibəsində belə deyib:
“Bəli, mən onunla danışdım. Ona yazdım. Ronaldo həm istirahət edir, həm də məşqləri davam etdirir, Kriştiano ikinci dövrəyə hazırlaşır”.
Ronaldonun ambisiyasına və inadkarlığına həsəd aparmaq olar. O, DÇ-2026-da da oynamaq istəyir! “Marca” qəzetinin məlumatında 37 yaşlı forvardın hələ beynəlxalq karyerasını başa vurmağı düşünmədiyi bildirilir. Ronaldonun əsas məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq və çempion olmaqdı. Xəbərdə qeyd olunur ki, Portuqaliyanın Qətərdəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. İndi onu çətin dövr gözləyir. Ulduz futbolçu mövcud nəticəni qəbul etməyə çalışır. Kriştiano üçün daha təsirli fakt Portuqaliyanın 1/4 finalda Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırmasından sonra Lionel Messinin çıxış etdiyi Argentinanın dünya çempionu olmasıdı. Qeyd edək ki, Ronaldo Portuqaliya millisində 2003-cü ildən oynayır. Onun son klubu ötən ay ayrıldığı MY olub.
Ronaldo hazırda azad agent statusu daşıyır. Onun adı isə yenə Səudiyyə Ərəbsitanının “Əl-Nəsr” klubu ilə hallanır. Kriştiano Ronaldoya yalnız bir rəsmi təklif irəli sürülüb. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Ər-Riyad klubunun irəli sürdüyü təklif hələ də qüvədədi. Ronaldo “Əl-Nəsr”ə keçərsə, onun reklamlar da daxil olmaqla illik gəliri 200 milyon avrodan az olmayacaq. Bir müddət əvvəl Asiya klubunun yaydığı məlumatda portuqaliyalı ilə bu ilin sonuna qədər müqavilə bağlanılacağının gözlənildiyi bildirmişdi.
Səbəbkarla bağlı bəzi mənbələrin yaydığı məlumat da maraqlıdı. Kriştiano Çempionlar Liqasında oynamaq üçün “Real”a qayıtmaq istəyir. İddiaya görə, o, bunun üçün minimum səviyyədə maaş almağa da razıdı.
Xatırladaq ki, Ronaldo artıq bir neçə gündü “Real”ın bazasındakı meydançaların birində məşq edir. Onun Madrid klubunda 2009-18-ci illərdə oynadığını da yada salaq.