Kərim Benzema ilə bağlı ümidverici ehtimal ortaya çıxıb.
Football-plus.az xəbər verir ki, Fransa millisinin hücumçusu DÇ-2022-də oynaya bilər.
“Qızıl top”un son sahibi zədələndiyindən turnir ərəfəsində milli komandanın düşərgəsini tərk etmiş və onun mundialda oynamayacağı açıqlanmışdı. Lakin vəziyyət dəyişə bilər. “RMC Sport”un yaydığı xəbərə görə, Benzemanın sağalma prosesi gözləniləndən daha sürətlə gedir. Onun bu həftə məşqlərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, adı Fransanın DÇ-2022 üçün iştirak ərizəsindən çıxarılmadığına görə Benzema Qətərə qayıda və turnirdə oynaya bilər. 34 yaşlı hücumçunun mümkün dönüşü ilə bağlı qərarı milli komandanın baş məşqçisi Didye Deşam verəcək.
Kərimlə bağlı yayılan bu xəbər də maraqlıdı. Fransa yığması DÇ-2022-ni mükafatçılar sırasında başa vuracağı halda “Real”ın hücumçusu da medal alacaq. Yeri gəlmişkən, Fransa artıq 1/8 finala vəsiqəni təmin edib.