Türkiyə çempionatında DÇ fasiləsinə lider yollanan və Avropa Liqasında da öz qrupunu lider kimi tamamlayaraq 1/8 finala yüksələn “Fənərbaxça”ya UEFA-dan cəza gəldiyi məlum olub.
Məsələ burasındadı ki, AL-in qrup mərhələsinin 3-cü turunda “Fənərbaxça” AEK-ə qarşı ev oyununda (2:0) 2-ci hissəyə təxminən 5 dəqiqə gec çıxıbmış. Hakim də bunu raportunda qeyd edibmiş. Məsələni araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi bunun İstanbul nəhənginin baş məşqçisi Jorje Jezuşa görə baş verdiyi qənaətinə gəlib və təcrübəli məşqçiyə 1 oyunluq cəza verilib! Amma cəza şərti xarakter daşıyır. Portuqaliyalı mütəxəssis 1 il ərzində yenə bu davranışı sərgiləsə, o zaman cəza qüvvəyə minəcək. Bundan başqa, UEFA sözügedən qarşılaşmanın təşkilatçılığında bir sıra nöqsanlara yol verən “Fənər”ə cərimə də kəsib.
Tribunada boş qalmalı olan pilləkənlərdə fanatların əyləşməsi və oyunun gedişində çıxış qapılarının bağlanması üzündən 12 min avro, meydana yad cisimlər atılması üzündən 9 min avro və ikinci hissəyə 5 dəqiqə gec çıxması üzündən 15 min avro olmaqla “sarı-lacivərdlilər” ümumilikdə 36 min avro ödəməli olacaqlar. AL-də çıxış edən Türkiyənin digər təmsilçisi “Trabzonspor” da pul cəzasından canını qurtara bilməyib. 4-cü tur çərçivəsində evdə “Monako”ya qarşı oyunda (4:0) meydana yad cisimlər atılması və final fitindən sonra meydana azarkeşlərin daxil olması üzündən trabzonlulara 10750 avro cəza kəsilib. Qeyd edək ki, oyunların nisbətən gec bitməsi və klubların ikinci hissəyə lazım olandan gec çıxması problemi Türkiyə çempionatında da mövcuddu. Məsələn, bu mövsüm 8-ci tur çərçivəsində baş tutan “Beşiktaş” – “Fənərbaxça” derbisində (0:0) fasilə 15 dəqiqə əvəzinə 19 dəqiqə davam etmişdi. Bu problem Türkiyə mətbuatında tez-tez qabardılsa da, ona fikir verən yoxdu. Çünki əvvəlki illərdə Türkiyə Futbol Federasiyası belə şeylərə görə klublara cəza verirdisə, sonradan bu cəza sistemi yığışdırıldı. Ancaq göründüyü kimi, UEFA belə məqamlara çox həssas yanaşır.