Tendensiya builki yarışda da qorundu. Məsələn, təsnifat mərhələsinin startı 15 dəqiqə gecikdi. Ona görə “Formula-2” yarışında qırılan qoruyucu sədlərdən birini əvəz etmək lazım idi. “Aston Martin”in pilotu Lens Stroll üçün də təsnifat mərhələsi uğursuz oldu. O, 7-ci döngədə səhvə yol verdi və maşını qoruyucu səddə çırpdı. Ardından bolidin sağ tərəfi ilə divara toxundu və mübarizə qırmızı bayraqlarla dayandırıldı.
Bazar günü keçirilən əsas yarışda “Ferrari”nin pilotları Şarl Leklerlə Karlos Sayns mexaniki problemlər üzündən finişə çata bilmədi. Sayns sükanın hidravlikasında problem yarandığını görə 9-cu dövrədə mübarizədən çəkildi. Leklerin maşını isə 20-ci dövrədə tüstülədi, sonradan bunun mühərrikdəki nasazlıqla bağlı olduğu bilindi. Çjou və Maqnussen də mühərriklə bağlı problem yaşadı.
Ötən il bolidinin təkəri partladığına görə finişə çata bilməyən Maks Ferstappen həmin uğursuzluğun əvəzini çıxdı. “Red Bull”un niderlandlı pilot fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Onun komanda yoldaşı Serxio Peres 2-ci, “Mersedes”in pilotu Corc Rassell isə 3-cü yeri tutdu.
Cari mövsümdə 5-ci dəfə qalib gələn Ferstappen 150 xalla şəxsi hesabda liderliyini möhkəmlətdi. Lekleri arxada qoyan meksikalı Peresin isə 129 xalı var. Mühəndislər kubokunda da “Red Bull” “Ferrari”dən xeyli irəlidədi. İlk 8 mərhələdən sonra “öküzlər”in 277, İtaliya komandasının 199 xalı var.
Ferstappen “Red Bull” karyerasında 66-cı dəfə podiuma qalxmaqla Sebastyan Fettelin bu komandadakı rekordunu yenilədi. Alman pilot 65 dəfə fəxri kürsüdə yer alıb. “Red Bull”un 3-cü ən uğurlu pilotu isə Mark Uebberdi (41).
Bakıda finişə 4-cü yerdə çatan Lüis Hemilton da maraqlı açıqlama ilə yadda qaldı:
“Ağrıdan və adrenalindən dişimi-dişimə sıxmışdım. Hiss etdiyim ağrımı sözlə çatdıra bilmirəm. Yarışın tez başa çatması üçün dua edirdim. Finişə 3-4-cü yerlərdə çatmaqla pis nəticə göstərmədik. Komandanın strategiyası əla çalışdı. Mükafatlar uğrunda mübarizə apara bilərik”.
Təsnifat mərhələsi
1. Şarl Lekler (Monako) 1.41.359
2. Serxio Peres (Meksika) 1.41,641
3. Maks Ferstappen (Niderland) 1.41,706
4. Karlos Sayns (İspaniya) 1.41,814
5. Corc Rassell (B.Britaniya) 1.42,712
6. Pyer Qasli (Fransa) 1.42,845
7. Lüis Hemilton (B.Britaniya) 1.42,924
8. Yuki Sunoda (Yaponiya) 1.43,056
9. Sebastyan Fettel (Almaniya) 1.43,091
10. Fernando Alonso (İspaniya) 1.43,173
11. Lando Norris (B.Britaniya) 1.43,398
12. Daniel Rikkyardo (Avstraliya) 1.43,574
13. Esteban Okon (Fransa) 1.43,585
14. Quanyuy Çjou (Çin) 1.43,790
15. Valtteri Bottas (Finlandiya) 1.44,444
16. Kevin Maqnussen (Danimarka) 1.44,643
17. Aleksandr Albon (Tayland) 1.44,719
18. Nikolas Latifi (Kanada) 1.45,367
19. Lens Stroll (Kanada) 1.45,371
20. Mik Şumaher (Almaniya) 1.45,775
Həlledici mərhələ
306,049 km (6003 metrlik 51 dövrə)
1. Maks Ferstappen Red Bull 1:34.05,941
2. Serxio Peres Red Bull +20,823
3. Corc Rassell Mercedes +45,995
4. Lüis Hemilton Mercedes +71,679
5. Pyer Qasli Alfa Tauri +77,299
6. Sebastyan Fettel Aston Martin +84,099
7. Fernando Alonso Alpin +88,596
8. Daniel Rikkyardo Maklaren +92,207
9. Lando Norris Maklaren +92,556
10. Esteban Okon Alpine +108,184
11. Valtteri Bottas Alfa Romeo 1 dövrə
12. Aleksandr Albon Uilyams 1 dövrə
13. Yuki Sunoda Alfa Tauri 1 dövrə
14. Mik Şumaher Haas 1 dövrə
15. Nikolas Latifi Uilyams 1 dövrə
Lens Stroll (Aston Martin), Kevin Maqnussen (Haas), Quanyuy Çjou (Alfa Romeo), Şarl Lekler və Karlos Sayns (hər ikisi “Ferrari”) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 150 xal
2. Serxio Peres 129
3. Şarl Lekler 116
4. Corc Rassell 99
5. Karlos Sayns 83
6. Lüis Hemilton 62
7. Lando Norris 50
8. Valtteri Bottas 40
9. Esteban Okon 31
10. Fernando Alonso 18
11. Pyer Qasli 16
12. Kevin Maqnussen 15
13. Daniel Rikkyardo 15
14. Sebastyan Fettel 13
15. Yuki Sunoda 11
16. Aleksandr Albon 2
17. Lens Stroll 1
18. Quanyuy Çjou 1
Mühəndislər kuboku
1. Red Bull 279 xal
2. Ferrari 199
3. Mersedes 161
4. Maklaren 65
5. Alpin 49
6. Alfa Romeo 41
7. Alfa Tauri 27
8. Haas 15
9. Aston Martin 14
10. Uilyams 2
Reaksiyalar
Maks Ferstappen:
“Ötən il burda bəxtim gətirmədi, qələbəni əldən verdim. Ancaq bu gün əla sürət göstərdik. Əlbəttə, “Ferrari”nin mübarizədən çəkilməsi ilə bəxtim gətirdi. İstənilən halda biz sürətliydik. Bu gün komandamız dubl etdi, uğurlu gündü. Kanada mərhələsinə gəlincə, proqnoz vermək istəmirəm, axı çempionatın hər mərhələsi fərqli alınır, vəziyyət tez-tez dəyişir”.
Serxio Peres:
“Yarışın gedişində bəzi problemlərim oldu. İlk növbədə komanda ilə müəyyən anlaşmazlıq yaşandı. Yarış canlanandan sonra tempim aşağı düşdü. Nə baş verdiyini bilmirəm, bəlkə də arxa təkərlər çox soyumuşdu, ancaq bu məqam mübarizəmə təsir etdi. Aydındı ki, Maks bu gün məndən sürətliydi və qələbəni haqq etdi. Bu gün hər şeyi ideal etməsək də, nəticə qazana bildik”.
Corc Rassell:
“Bu gün hər şey yaxşı alındığına görə komandaya “sağ olun” demək istəyirəm. Bu il işlər çətin gedir. Maşın güclü silkələnmə üzündən yaxşı formada deyil. Odu ki, 3-cü yeri tutmağımdan tam razıyam”.

