Rauf Əliyev “Şamaxı”nın maraq dairəsindədi - Rəsmi açıqlamalar

19.11.2022 20:10 479
Ölkə futbolu / Manşet
Mövsümün əvvəlində “Kəpəz”ə keçən millinin sabiq üzvü Rauf Əliyevin əsas komandadan uzaqlaşdırıldığı məlumdu.

Tərlan Əhmədovun Gəncə klubuna təyinatından sonra mütəxəssislə futbolçu arasında gərginlik başladı. Bu səbəbdən baş məşqçi onu komandadan uzaqlaşdırdı. Bir neçə gün sonra isə Rauf “Kəpəz-2“nin heyətində 1-ci divizionun oyunlarında iştirak etdi. Burda da yaxşı təsir bağışlayan futbolçu az qala hər oyunda qol vurmağı bacarır.

Rauf Əliyev – Tərlan Əhmədov qalmaqalı hazırda klubda əsas problemlərdən birinə çevrilib. Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri “Futbol+”ə müsahibəsində gərginliyi aradan qaldırmaq üçün müəyyən addımlar atılacağını söyləmişdi. Son günlər isə Raufun adı yerli futbolçulardan heyət formalaşdıran “Şamaxı” ilə yanaşı hallanır. Onun qış “transfer pəncərəsi”ndə ünvanı dəyişəcəyi deyilir.

Görəsən, bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir? Rauf Əliyev “Kəpəz”dən ayrılacaq? Bu suallarla İlqar Nadiriyə müraciət etdik:

“Dəqiqləşmədən sizə məlumat verməyim düzgün olmaz. “Transfer pəncərəsi” hələ açılmayıb. Söhbət təkcə Raufdan getmir. Ola bilər ki, hansısa futbolçumuz başqa kluba keçsin və ya başqalarından heyətə futbolçu cəlb edək. Bütün bunlar “pəncərə açılandan” sonra baş verən proseslərdi. Sırf Rauf Əliyevlə bağlı fikir bildirməyim doğru olmaz. Bəlkə başqa kluba keçəcək, bilmək olmaz ”.


Göründüyü kimi, Əliyevin “Kəpəz”dən ayrılacağı xəbərini İlqar Nadiri nə təsdiq, nə də təkzib etdi. Bu səbəbdən “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq:

“Ümumiyyətlə, bu mövzuda məlumat verməyi xoşlamıram. Komanda futbolçu ilə razılıq əldə etdikdən sonra açıqlama verilməlidi və verilir. “Transfer pəncərəsi” açılandan sonra mümkündü ki, hansısa klub futbolçularla danışıq aparsın. Bu danışıqlar isə müsbət də nəticələnə bilər, mənfi də. Fikrimcə, belə xəbərlər nə kluba, nə də futbolçuya xeyir gətirir. Hər komanda istənilən futbolçu ilə danışıq apara bilər. Bu Messi də ola bilər, Mbappe də (gülür). Maraq dairəmizdə olan futbolçuları açıqlamırıq. Ola bilər ki, mən bunu açıqlayım, sonra danışıqlar müsbət nəticə verməsin. Bu da xoşagələn hal deyil. Bunlar klubdaxili məsələlərdi”.


ŞAİR ABDULLA