Premyer-liqanın 14-cü turunda "Turan Tovuz"la doğma meydanda qarşılaşan "Kəpəz"in azarkeşləri komandalarına pirotexniki vasitələr yandırmaqla da dəstək verdi.
Görəsən, gəncəli fanatlar ilk dəfə belə vasitələrdən istifadə edir? Onların stadiona pirotexniki vasitələr keçirməsinə kim icazə vermişdi?
Football-plus.az olaraq bu sualları aydınlaşdırmaq üçün "Xəmsə" azarkeş qrupunun fəalı Müşfiq Məmmədovla danışdıq:
"Əslində pirotexniki vasitələr partlatmaqla doğma "Kəpəz"imizə dəstək verməyimiz ilk dəfə deyil. Birinci divizion matçlarında da bunu etmişik. "Turan Tovuz"la oyun günü də komandaya əlavə motivasiya vermək üçün stadionun girişində pirotexniki vasitələr yandırdıq".
"Kəpəz"in mətbuat katibi Azad Mustafayevin də məsələ ilə bağlı fikrini soruşduq:
"Pirotexniki vasitələr yandıran azarkeşlər nə stadionun içində, nə də həyətində olub. Onlar stadiondan kənarda idi. Komanda stadiona gələrkən fərqli dəstək nümayiş etdiriblər. Bu, 1-ci divizionda çıxış etdiyimiz zaman da olub".
ABDULLA İSMAYILOĞLU