Robert Levandovski ilə Xerard Pikenin aqibətinə aydınlıq gəlib. Hər iki futbolçu ağır cəzalanıb.
İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Barselona”nın hücumçusu Levandovskini 3 oyunluq cəzalandırıb. Polşalı futbolçu La Liqanın 14-cü turunun “Osasuna” ilə noyabrın 8-də keçirilən matçının (2:1) 31-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk etməli olmuşdu. O, paltardəyişmə otağına gedərkən hakimlərə qeyri-etik jest etmişdi. Levandovski La Liqanın “Espanyol”, “Atletiko” və “Betis”lə matçlarını buraxacaq.
Karyerasının sonuncu matçında meydana çıxmasa da, qırmızı vərəqə alan Pike isə 4 oyunluq cəzalandırılıb. O, hakimləri təhqir etdiyinə görə belə cəzaya layiq bilinib. 35 yaşlı futbolçu komanda yoldaşı Levandovskinin qırmızı vərəqə almasından narazı qalaraq, oyunun fasiləsində hakim Xesus Xil Mansanoya yaxınlaşmış və onlar arasında mübahisə yaranmışdı. COPE radiostansiyasının məlumatına görə, Xerard hakimin anasını söyüb və başqa nalayiq ifadələr də işlədib.
Levandovski bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Pike isə 10 oyunda iştirak edib.