Misli premyer-liqasının son turunun mərkəzi oyunu "Sabah" - "Qarabağ" dueli idi.
Qarşılaşma gərgin, qarşılıqlı hücumlar şəraitində keçdi. Azarkeş marağı da yetərincə böyük idi. "Köhlən atlar" mövsümdə ilk xal itkisiylə məhz Masazırda üzləşdi. Görəsən, Aslan Kərimov görüşlə bağlı hansı düşüncədədi. Mütəxəssis “Football-plus.az”a açıqlamasında bunları söylədi:
”Premyer-liqamızda nadir hallarda gördüyümüz mübarizəli, qarşılıqlı hücumlar şəraitində keçən matç izlədik. Hansısa komandanın 90 dəqiqə üstün olduğunu deməzdim. Ona görə oyunu iki hissəyə bölərdim. İlk hissə meydan sahiblərinin üstünlüyü ilə keçdi, "Qarabağ" topsuz qaldı. Fasilədən sonra isə qonaqlar tədricən üstünlüyü ələ aldı, dominant futbol sərgilədi. Açıq etiraf etmək lazımdı ki, "Qarabağ" son illərdə avrokubok qarşılaşmalarında ən güclü rəqiblər önündə belə "Sabah"la matçdakı kimi topsuz qalmamışdı. Həqiqətən ilk hissədə meydan sahibləri rəqibin hücumameyilli futbolçularını yaxşı zərərsizləşdirmişdi. Bunun nəticəsidi ki, Kadi, Zubir və Ovusunun ifasında yaradıcılıq gözə çarpmadı. Düşünürəm ki, Ovusunun yerinə Musanı daha tez döyüşə atmaq olardı. Bu o demək deyil ki, "22 nömrə" Ovusudan daha güclüdü. Xeyr, sadəcə, hazırda Musanın qol duyumu daha yüksəkdi, çempionatın bombardiridi və irəlidə qol axtarışında olacağına şübhə etmirdim. Həmçinin "Sabah"ın heyətində Mikelsin erkən əvəzləndiyini düşünürəm. Gücü vardı və komandasına fayda verə bilərdi. Kaşuk - Cəfərquliyev qarşıdurması matça ayrıca rəng qatdı. Hər iki futbolçunun reydləri və bir-biriylə mübarizəsi göz oxşayırdı. "Sabah" 1-ci dövrədə "Qarabağ"a qarşı yaxşı döyüşdü, 2-ci dövrdə isə büdrətdi. Amma bu demək deyil ki, “köhlən atlar"dan üstündü və çempionluq yolunda onu qabaqlayacaq. Ağdam təmsilçisinin legionerləri və ehtiyat oyunçular skamyası daha üstündü. Fevrala qədər "Qarabağ"ın avrokubok matçının olmayacağını nəzərə alsaq, qış fasiləsinə kimi maksimum xal toplayaraq vahid lider olmağı planlaşdırırlar. "Sabah"ın çempionatın sonuna kimi hazırkı tonusu saxlayacağı dəqiq deyil. Çünki "Neftçi", "Zirə" və "Qəbələ" də Murad Musayevin komandasının ilk "3-lük" uğrunda mübarizədə əsas rəqibləridi. Qışda həmin komandaların güclənəcəyi şübhə doğurmur. "Sabah" da heyəti gücləndirməlidi. Mənə elə gəlir ki, Kaşuk səviyyəsində bir-iki futbolçu alınsa, komanda həm ikinciliyi qoruyacaq, həm də marafonun sonuna kimi "Qarabağ"a başağrı olacaq".
ABDULLA İSMAYILOĞLU