İstanbul nəhəngləri ''Fənərbaxça'' ilə ''Qalatasaray''ın DÇ ilə bağlı yaranacaq fasilə zamanı keçirəcəkləri yoxlama matçlarındakı bəzi rəqiblərin adları məlum olub.
Football-plus.az xəbər verir ki, İspaniya təmsilçiləri ''Rayo Valyekano'' ilə ''Vilyarreal'' İstanbula gələcəklərini təsdiqləyiblər.
Radamel Falkaonun şərəfini qoruduğu klubun rəsmi saytından verilən məlumatda qeyd olunub ki, komanda noyabrın 30-da ''Ülkər''də ''Fənərbaxça'', dekabrın 3-də ''Nef Stadionu''nda ''Qalatasaray''la qarşılacaq. ÇL-in son yarımfinalçısı ''Vilyarreal'' isə dekabrın 3-də ''Fənər'', 6-da ''Cim-Bom''la üz-üzə gələcək.
Türkiyəyə gələcək bir sıra başqa klubların da adları bəllidi. Məsələn, İtaliya çempionatının məğlubiyyətsiz lideri ''Napoli'' Antalyada toplanış keçəcək. Komanda burda ''Antalyaspor''la, eləcə də iki İngiltərə klubu ''Kristal Pelas'' və ''Vulverhempton''la qarşılaşacaq.
Bundan başqa Acun Ilıcalının sahibi olduğu ''Hall Siti'' də Antalyaya gəlməyi planlaşdırır. Komanda burda 27 noyabr – 4 dekabr aralığında toplanış keçəcək. ''Pələnglər'' həmin müddətdə ''İstanbul BŞ'' və adı açıqlanmayan bir ÇL klubu ilə üz-üzə gələcəklər.