Xavi Pikeni bu müdafiəçilərlə eyni səviyyəyə qoydu

5.11.2022 18:52 361
Dünya futbolu
Sürpriz şəkildə karyerasını bitirmək qərarına gələn və bu gün baş tutacaq ''Almeriya''ya qarşı oyunun karyerasındakı son oyun olacağını bildirən ''Barselona''nın müdafiəçisi Jerar Pikeyə baş məşqçi Xavi Ernandesdən dəstək gəlib.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı mütəxəssis Pikeni tarixin ən yaxşı müdafiəçilərindən biri olduğunu deyərək onu əfsanələrlə eyni sıraya qoyub:

''Pikenin simasında biz əsil lider və böyük bir şəxsiyyəti itiririk. Çünki o, tarixin ən yaxşı mərkəz müdafiəçilərindən biridi. Bu klubda Puyol, Migeli kimi müdafiəçilər çıxış edib. Heç kimi unutmaq istəmirəm. Amma Pike ''Barsa''da forma geymiş ən yaxşı müdafiəçilərdən biridi. Futbol tarixində Bekkenbauer, Barezi kimi müdafiəçilər olub. İngilislərdə Terri və Ferdinand olub. Pike də onlarla eyni səviyyədədi''.


Xatırladaq ki, bu mövsüm əsas heyətdəki yerini itirən və tez-tez öz fanatları tərəfindən fitə basılan Pike həm də ayrılması ilə birlikdə kluba böyük maddi fayda vermiş olacaq. ''Barsa''nın ona 30 milyon avroya yaxın borcu var idi. Pikenin klubla 2024-ə qədər müqaviləsinin olduğunu nəzərə alsaq, o, ümumilikdə qazana biləcəyi təxminən 50 milyon avroluq məbləğdən imtina etmiş oldu. Qeyd edək ki, daha öncə ''Mançester Yunayted'' və bir 1 il ''Saraqosa''da oynamış Pike 2008-dən bu yana fasiləsiz ''Barselona''da idi. Bu müddətdə 615 oyuna çıxaraq 52 qol vuran məhşur müdafiəçi klubda keçirdiyi 15 mövsüm ərzində 30 titul qazandı. 100-dən çox oyun keçirdiyi İspaniya yığmasının heyətində isə o, dünya və Avropa çempionu olub.