“Turan Tovuz”la matçdan sonra təşkil olunan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov yaxın günlərdə iki futbolçu ilə yolları ayıracaqlarına işarə vurmuşdu.
Baş məşqçi ad çəkməsə də, həmin oyunçuların işə yanaşmasından narazı qaldığını bildirmişdi. Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, 44 yaşlı mütəxəssis bir yerli və bir əcnəbi futbolçudan narazıdı. Gözləmək olardı ki, baş məşqçi bu həftə həmin oyunçuları komandadan uzaqlaşdıracaq.
Ancaq bugünlərdə “Football-plus.az” saytına daxil olan bilgiyə əsasən hazırda “kimyaçılar”ın düşərgəsində yaşananlar Samir bəyi fikrindən daşındırıb. Belə ki, “Neftçi” ilə oyun ərəfəsində “Sumqayıt”ın düşərgəsi xəstəxana palatasını xatırladır. Tovuzda zədələnən Alya Ture 2 aylığa sıradan çıxıb. “Kimyaçılar”ın əsas müdafiəçilərindən biri Stiven Pereyranın isə 2 həftə meydandan kənarda qalacağı dəqiqləşib. Todor Todoroski də soyuqladığından komandanın məşqlərinə qatılmır. Onun “ağ-qaralar”la oyuna hazır olacağı sual altındadı. Bundan başqa, Felipe Çabi də 1 aylığa sıradan çıxıb.
RƏŞAD